Təqdimatda İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək, Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı konsertdə səslənən əsərlər və 3 cilddən ibarət not nəşrləri haqqında məlumat verib.
Layihənin bədii rəhbəri Firəngiz Əlizadə Bəstəkarlar İttifaqı tərəfindən əsərlərin partiturasının ilk dəfə çap olunduğunu vurğulayıb, nəfis tərtibatda işıq üzü görən bu əsərlərin Azərbaycan musiqi mədəniyyətində dəyərli mənbə olacağını söyləyib.
Yeni not nəşrinin II cildinə Xalq artisti Azər Dadaşovun “Zəfər çələngi. Uvertüra”, Əməkdar incəsənət xadimləri Mobil Babayevin “Şanlı Qələbə”, Ceyhun Allahverdiyevin “Qələbə uvertürası”, Əməkdar artist Vüqar Camalzadənin “Qarabağa gedən yol”, Vüqar Məmmədzadənin “Dəmir yumruq” simfonik əsərləri daxildir.
Tədbirdə ABİ-nın katibləri – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnara Dadaşova, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova, eləcə də Əməkdar artist, bəstəkar Vüqar Camalzadənin layihə barədə fikirlərini bölüşüblər.
Təqdimat bədii hissə ilə davam etdirilib.
Hazırladı: Mina RƏŞİD