Nüfuzuna, iştirakçı və ziyarətçi sayına görə fərqlənən Doha Beynəlxalq Kitab sərgisində Azərbaycan nəşrlərinin və oxu mədəniyyətinin təbliğ edilməsi mühüm əhəmiyyət kəsb edir.
Milli pavilyonumuzda Azərbaycan, ərəb və ingilis dillərində kitablar yer alıb. Bunlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi, 44 günlük Vətən Müharibəsi, Qarabağ xanlığı, Azərbaycanın memarlıq sənətinə dair kitablar sərgilənir.
Bundan əlavə, dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli haqqında ərəb dilində nəşr olunmuş kitablar ziyarətçilərə təqdim olunur.
Sərginin ziyarətçiləri Azərbaycan stendi ilə də maraqla tanış olurlar və onlara ölkəmiz haqqında kitablar və suvenirlər hədiyyə olunur.
Hazırladı: Mina RƏŞİD