13.03.2025, 02:27
AZ EN
12.03.2025, 19:40 120

Nizami Kino Mərkəzində “Xocalı. Son toy...” filminin təqdimat mərasimi keçirilib

XƏBƏRLƏR
  • Nizami Kino Mərkəzində “Xocalı. Son toy...” filminin təqdimat mərasimi keçirilib.

“Global Media Group”un və İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi “Xocalı. Son toy...” bədii-sənədli filminin süjet xətti 33 il öncə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır.

1992-ci ildə baş verən və bəşər tarixinin ən qanlı hadisələrindən birinə çevrilən Xocalı soyqırımı insanlıq faciəsi olmaqla yanaşı, həm də neçə-neçə insanın, ailənin sevincini əlindən almış, əbədi ağrıya çevrilmişdir.

“Xocalı. Son toy...” bədii-sənədli filmində də illər öncə "Vağzalı"sı yarımçıq qalan toyun sədaları yenidən eşidilir, azad-abad Xocalı yenidən toy-bayram əhval ruhiyyəsinə bürünür.

Ekran işində xalqımızın keşməkeşli tarixinin ən ağrılı səhifəsi olan Xocalı yarasının məhz bu toyun fonunda yenidən sevincə, pozitiv gələcəyə köklənməsi əksini tapır.

Yarımçıq qalan toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, eləcə də həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toy mərasimi davam etdirir, Xocalı sakinlərinin yenidən doğma yurdlarına dönüşünü əyani formada nümayiş etdirirlər.

Filmin ideyası 1992-ci il 18 yanvarındakı sözügedən toyun fotosundan ilhamlanaraq gerçəkləşib. Ekran işi Xocalıda yarımçıq qalan toyu, bundan sonra baş verən prosesləri və günümüzü özündə ehtiva edir. Sözügedən toyda çəkilən ağ-qara foto yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılır ki, bu da Xocalının yenidən dirçəlməsini, yeni nəfəs tapmasını tərənnüm edir.

Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.

Qeyd edək ki, filmin layihə rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir. (Report)

Oxşar xəbərlər