15.01.2025, 21:03
AZ EN
15.01.2025, 17:07 141

Azad Azərbaycan, var ol, min yaşa…

XƏBƏRLƏR
  • İstedadlı şair, nasir, Əməkdar incəsənət xadimi Baba Vəzir oğlu Məsimov 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. O, Hacıhətəmli kənd orta məktəbini bitirdikdən sonra “Pravda” kolxozunda işləyib. Daha sonra Azərbaycan Dövlət Universitetinin (ADU) jurnalistika fakültəsində 1972-77-ci illərdə təhsil alıb.

Baba Vəziroğlunun mindən artıq şeirinə mahnı bəstələnib. “Həsən Seyidbəyli”, “Yeri boş qalan adam” (Rəşid Behbudov), “Sənsiz və ya ömrün son axşamı” (Həsən Turabov), “Haradan başlanır Vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş nəğməlik ömür” (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir. İ.Karacalenin “İtirilmiş məktub” dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülüb (1983). Azərbaycan Yazıçılar İttifaqında Gənc Nasirlər Birliyinin rəhbəri olub. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini qiyabi bitirib (1985). Sovet nümayəndə heyətinin tərkibində Bolqarıstanda tərcüməçilərin beynəlxalq müşavirəsində iştirak edib (1982), ADR Yazıçılar İttifaqının dəvəti ilə ADR-də yaradıcılıq ezamiyyətində olub (1984). Gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində nümayəndə kimi iştirak edib (1984). “Humay” mükafatı laureatıdır (2000). Respublikanın Əməkdar incəsənət xadimidir (2005). 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Bu günlərdə 70 yaşına qədəm qoyan sevimli şairimizi təbrik edir və onun Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

CƏNAB ALİ BAŞ KOMANDAN!

 

Sənin kimi fatehi zaman yetirməz bir də, 

Haqq-ədalət carçısı, tarix yazan sərkərdə. 

Səndən ilham, güc alır zabit, əsgər səngərdə,

Hərb və sülh meydanında sən zəfər çalan adam,

Cənab Ali Baş Komandan!

 

Düşmənimiz baş əydi sən and içən bayrağa, 

Sənin azad etdiyin hər bir qarış torpağa. 

Anamız Azərbaycan qovuşur Qarabağa, 

Qalmayacaq qisassız bir damla tökülən qan,

Cənab Ali Baş Komandan!

 

Getdiyin bu şanlı yol Ulu Öndər yoludur,

Sənin ordun yenilməz, sənin xalqın uludur.

"Yaşasın Azərbaycan!" - arzun, amalın budur, 

Milyon-milyon ağızdan səslənir xeyir-duan,

Cənab Ali Baş Komandan!

 

Qarabağ səmasında yenə günəş doğuldu,

Sənin dəmir yumruğun birlik oldu, güc oldu.

"Mənəm-mənəm" - deyənlər bəs noldu, necə oldu?

Ana südütək halal, sənə bu şöhrət, bu şan,

Cənab Ali Baş Komandan!

 

Sən yalnız, tək deyilsən, mətin türk qardaşın var,

Bir vəfalı, mehriban ürək-can sirdaşın var.

Bircə sözün, əmrinlə bu xalq ayağa qalxar,

Səninlə Azərbaycan - bir könüldə iki can - 

Cənab Ali baş Komandan!

 

ŞUŞA...

 

Şəhər varmı dünyada,

Bu donda, bu biçimdə, 

Bir duvaqlı gəlinsən,

Şuşam, duman içində!

 

Ay Qarabağ gözəli,

Ay Natavan qəzəli.

Başına sığal çəkib, 

Ulu Tanrının əli.

 

Başında duman oldu,

Bağ-bağçan talan oldu,

Könül candan ayrıldı,

Həsrətin yaman oldu.

 

Necə dözdük bu dərdə,

Gəl səni qucum bir də.

İlham gəlir, qarşıla,

Tarix yazan sərkərdə!

 

Şükür gəldi bu çağın,

Üzeyir bəy qonağın.

Yenə muğamat deyir,

Sərin İsa bulağın.

 

Sən məndən könül istə,

Deyim ki, gözüm üstə.

Bülbüldən bir Heyratı,

Xan əmidən Şikəstə.

 

Cıdır düzü gül açdı,

Xarıbülbül dil açdı.

Azərbaycan bayrağı,

Sənə necə yaraşdı!

 

Baxıb doymuram yenə,

Şükür, Tanrı, bu günə.

Vaqif yenə söz qoşur,

Şuşam, sənin hüsnünə.

 

Adın zəfərlə qoşa,

Yaşa, əbədi, yaşa.

Qarabağın maralı,

Azərbaycan gözəli,

Şuşa, ay qədim Şuşa,

Şuşa, ay cavan Şuşa,

Şuşa, ay əziz Şuşa!!!

 

 VƏTƏN

 

Sabaha yol gedən bu gəmi bizim,
Onun hər sevinci, hər qəmi bizim.
Duyğusu, vurğusu Vətən adlanır –
Bir yerdə döyünən bu qəlbimizin…

 

Vətən bir Günəşdir, biz də zərrəsi,
Vətənsiz eyləmə, Tanrı, heç kəsi.
Torpağı, Vətəni sevənlər üçün
Bəlkə də fırlanır bu Yer kürəsi.

 

Vətən “yan” – deyəndə alışaq gərək,
Vətən “can” – deyəndə barışaq gərək.
Bir vətəndaş kimi biz özümüzdən –
“Vətənçün nə etdik?” – soruşaq gərək.

 

Vətən – elə anddır, keçilərmi heç,
Vətən – bir zirvədir, kiçilərmi heç,
Taleyin, qismətin yazısıdır bu,
Anadır, Vətəndir, seçilərmi heç?!.

 

Sənsən ən müqəddəs andımız, Vətən,
Canımız, qanımız, adımız – Vətən.
Sənin dar günündə dost-düşmənimiz,
Bilinir doğmamız, yadımız, Vətən…

 

Üçrəngli bayrağın Günəşlə qoşa,
Azad Azərbaycan, var ol, min yaşa!..

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər