22.11.2024, 15:46
AZ EN
02.08.2024, 15:33 271

Meral Konrat: "Fəxrəddinlə yenidən bir filmə çəkilmək istərdim"

XƏBƏRLƏR
  • "Azərbaycan mənim ürəyim və canımdır. Azərbaycanın kino gününü ürəkdən təbrik edirəm. Təbii ki, Azərbaycan kinosuna xidmət edən sənətkarları da təbrik etmək istəyirəm. Yaşasın Azərbaycan kinosu. Bu iki ölkənin kino sektorunu bir-birindən fərqləndirə bilmirəm. Çünki ikisi də mənim üçün çox doğma və önəmlidir”.

Bunu "Moderator.az"-a açıqlamasında türkiyəli aktrisa Meral Konrat deyib. O sonra qeyd edib ki, Azərbaycanda oynamaq istədiyim bir rol var: "Bu, tarixi bir obrazdır. Azərbaycanın tarixini, onun qədimiliyini göstərən, təbliğ edən bir serial və filmdə rol almaq istərdim. Hətta bir müddət əvvəl “Xocalı” qətliamı ilə bağlı layihə var idi. O məni çox həyəcanlandırmışdı. Belə rol təklifi gələrsə sevərək oynayaram. Çünki mən dramatik rolların aktrisasıyam. Mənim işim dramdır”, - deyə o bildirib.

Tanınmış aktrisa sayt vasitəsilə bu gün doğum gününü qeyd edən xalq artisti Fəxrəddin Manafovu da təbrik etməyi unutmayıb:

“Fəxrəddin Manafov əsl kino adamıdır. Görün, sənətini, işini o qədər çox sevir ki, kino günündə dünyaya gəlib. O mənim köhnə dostumdur. Təbrik edirəm, can sağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm. İllər sonra Fəxrəddinlə Ankarada Rasim Ocaqovun 90 illik yubiley tədbirində bir araya gəldik. Köhnə dostların görüşməsi möhtəşəm oldu. Kəlmələr izahsızdır. Bu görüşdə “Təhminə” filminin ikinci rejissoru Zəfər bəy də iştirak edirdi. Hər şey çox gözəl idi. Gözəl gün keçirdik. “Təhminə” filmindən, gözəl, unudulmayan illərdən danışdıq. Rasim Ocaqovu yad etdik. Həqiqətən də çox qürurluyam ki, onun lentə aldığı filmdə çəkilmişəm. Fəxrəddinlə yenidən bir filmdə çəkilmək istərdim. Mən öz yerimə danışıram. İnanıram ki, Fəxrəddin də belə düşünür. İnşallah qismət olar”, - deyə sənətçi deyib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər