Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunun mühazirələrdə iştirakçılara Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs haqında geniş məlumat verilib. “Qərbi Azərbaycana qayıdış” şüarı altında təşkil edilmiş mühazirələrdə Azərbaycan xalqının zəngin mədəni, ədəbi irsi haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Mühazirədə xüsusi olaraq Azərbaycan xalqının Qərbi Azərbaycanda tarix boyu yaratdığı maddi-mədəni, ədəbi irs, mədəniyyət nümunələri, ədəbi prosesin inkişaf xüsusiyyətləri barədə tələbələrə daha ətraflı məlumat verilib. Erməni təcavüzü nəticəsində tarixi ata-baba yurdumuz olan Qərbi Azərbaycanda yaşayan xalqımız didərgin düşdükdən sonra orada Azərbaycan xalqı tərəfindən yüz illər boyu yaradılmış maddi-mədəni irsimiz də vandalizmə məruz qalıb. Belə ki, azərbaycanlılar tərəfindən tikilmiş tarixi binalar, abidələr, dini məbədlər məhv edilib, ermənilər tərəfindən Azərbaycan xalqının bu torpaqlarda izlərinin silinməsinə cəhdlər göstərilib. Halbuki o torpaqların hər qarışında xalqımızın silinməz izləri vardır bunun ən bariz nümunəsi isə Azərbaycan xalqına aid yer adlarının, toponimlərin hələ də öz varlığını qoruyub saxlamasıdır. Qərbi Azərbaycandan köçkün düşmüş azərbaycanlılar uzun illərdir ki, Azərbaycanın müxtəlif bölgələrində və dünyanın fərqli ölkələrində yaşamaqdadırlar amma onlar öz tarixi ata-baba yurdlarından uzaq düşsələr də bu gün də hər zaman öz tarixi torpaqlarına dönəcəkləri günü gözləyirlər.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən mütəmadi olaraq sözügedən mövzuda mühazirələrin təşkili davam etdiriləcəkdir. (AZƏRTAC)