17.06.2025, 19:36
AZ EN
30.12.2023, 09:52 385

Xalq artisti Əbülfət Əliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Şuşanın Azərbaycanın musiqi mədəniyyətinə bəxş etdiyi görkəmli sənətkarlardan biri də xanəndə, Xalq artisti Əbülfət Əliyevdir. Onun həzin, məlahətli səslə ifa etdiyi muğam və təsniflər, xalq mahnıları bu gün də yaddaşlarda yaşayır.

Bu gün görkəmli xanəndənin doğum günüdür. Əbülfət Əsəd oğlu Əliyev 1926-cı il dekabrın 30-da Şuşa şəhərində dünyaya göz açıb. Şuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı məkanlarında toplaşar və məclislər qurarmışlar. Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb.
Əbülfət 7 yaşında ikən atası dünyasını dəyişib. Ailənin güzəranı çətinləşdiyindən onlar Şuşadan köçmək məcburiyyətində qalıblar. Təxminən dörd il Füzuli rayonunda yaşayıb, sonra Ağdama köçüblər. O, təhsilini 1 nömrəli şəhər məktəbində davam etdirib. Burada musiqi dərnəyinə yazılıb, məlahətli səsi ilə diqqəti çəkib, məktəbin ictimai tədbirlərinə qatılıb. Qarabağın el şənliklərində oxuduğu “Ay bülbüllər”, “Kimə yalvarım”, “Uca barıdan aşaram mən”, “Uca dağlar” mahnıları musiqisevərlərin ruhunu oxşayıb.
Qısa müddətdə gənc musiqiçinin səs-sorağı rayon hüdudlarını aşaraq Bakıdan dəvətlər alıb. O, radioda ilk dəfə “Şuşanın dağları” mahnısını ifa edib. Beləliklə, 19 yaşlı Əbülfət taleyini birdəfəlik Bakıya bağlayıb. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verib. 
Görkəmli xanəndənin repertuarında “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. 
Ə.Əliyev həm də opera səhnəmizin sevilən və arzulanan sənətkarlarından olub. Məcnun obrazını yaradan hər bir xanəndənin özünəməxsus ifası olub. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunu çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib. 

Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda - İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.
Əbülfət Əliyev 27 dekabr 1990-cı ildə vəfat edib. Ruhu şad olsun.

Mina RƏŞİD

Oxşar xəbərlər