22.11.2024, 21:09
AZ EN
17.12.2023, 15:08 254

Tbilisidə Qarabağ və Borçalı xalçalarının sərgisi təşkil olunub

XƏBƏRLƏR
  • Tbilisidəki M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Azərbaycanın əl ilə toxunmuş xalçaları – ənənənin qorunması” layihəsinin başa çatması ilə əlaqədar sərgi təşkil olunub.

Muzeyin təşəbbüsü və Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində xüsusi kurslar təşkil edilib.

Kurslarda yerli vətəndaşlarla yanaşı, xarici ölkə vətəndaşları da iştirak edib, xalçaçılıq sənətinin sirlərini öyrəniblər.

Layihə çərçivəsində muzeyə gələn ziyarətçilər, həmçinin Azərbaycan xalçaların toxunması prosesini izləyiblər.

Sərgidə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Tbilisidə səfərdə olan Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, KOBİA yanında ictimai şuranın sədri Fərhad Qaraşov, Bakıdan gəlmiş jurnalistlər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Layihə rəhbəri, muzeyin direktorunun müavini Leyla Əliyeva qonaqlara bu mədəniyyət ocağının fəaliyyəti və layihənin məqsədi barədə ətraflı məlumat verib.

Sərgidə nümayiş olunan xalçaların əl ilə toxunmasında fəal iştirak edən gənclərə sertifikatlar verilib.

L.Əliyeva bildirib ki, Muzey tərəfindən, həmçinin Avropa İttifaqının bayrağı toxunur və bayraq Gürcüstan Mədəniyyət Nazirliyinə hədiyyə olunacaq.

Onun sözlərinə görə, Gürcüstanda müvəqqəti yaşayan əcnəbilər bir ay ərzində Azərbaycan xalçalarını toxumağı öyrənirdilər. Xalçalar xüsusilə Qarabağ və Borçalı xalçaları ornamentləri əsasında toxunub. Həmin əl işləri burada sərgilənib. (AZƏRTAC)

Oxşar xəbərlər