05.02.2025, 12:48
AZ EN
13.12.2023, 14:49 255

Səsiylə dünyanı valeh edən Xalq artisti

XƏBƏRLƏR
  • Bu gün opera müğənnisi, Azərbaycanın və Dağıstanın Xalq artisti, professor Azər Zeynalovun doğum günüdür. O, 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1969-cu ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 nömrəli tam orta məktəbə və 12 nömrəli musiqi məktəbinin fortepiano sinfinə gedib. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil olub, arada 2 il hərbi xidmətə gedib və 1989-cu ildə dram rejissoru ixtisası ilə təhsilini başa vurub. 

1990-cı ildə musiqiyə olan sevgisi onu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gətirib və bir müğənni kimi o, ilk addımlarını bu teatrın səhnəsində atıb. Bərabər olaraq Rafiq Babayevin "Cəngi" ansamblında da fəaliyyət göstərib və həmin il "Odlar Yurdu Bakı-90" mahnı müsabiqəsinin laureatı seçilib. 1992-ci ildə 2-ci təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olub.

1994-cü ildə İtaliyada qəbul imtahanı verərək "Aqostino Steffani" adına (Kastelfranko Veneto şəhəri) İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul olub. 1996-cı ildə "Opera ifaçısı" ixtisası ilə oranı bitirib, Azərbaycana dönüb və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini də başa vurub.

1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. "Lirik-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. Azər Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edib. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı”, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutub.

"Şükriyyə" adlanan ilk CD-albomu 1997-ci ildə Türkiyənin RAQS şirkəti tərəfindən işıq üzü görüb. Öz ifası ilə xarici dövlətlərin böyük konsert salonlarında, o cümlədən İtaliya, Avstriya, İngiltərə, Fransa, İsveç, Almaniya, Çexiya, Holland, Çin, Türkiyə, Rusiya, Belarus, Moldova, Qaqauz, Ukrayna, Dağıstan, Gürcüstan, Tacikistan, Başqırdıstan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Hindistan, Mərakeş, Misir, Səudiyyə Ərəbistanı, Vyetnam, ABŞ, Kanada və s. ölkələrdə dəfələrlə çıxış edib.

Azər Zeynalov bir çox mükafatlara layiq görülüb. 1995-ci ildə "Avropa Türk-İslam Kültür Cəmiyyəti" tərəfindən qızıl medalla təltif olunub. Opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlar alıb. 1998-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti”, 2008-ci ildə isə “Dağıstan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb.

2013-cü ildə O, "Türksoy" təşkilatının yaranmasının 20 illiyi münasibətilə təsis etdiyi medalla təltif olunub. "A Classic vokal qrupu"-nu da həmin ildə yaradıb.

 Görkəmli sənətkar Azərbaycan Milli Konservatoriyasında Milli vokal kafedrasına rəhbərlik edir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2009-cu ildə ona Vokal kafedrası üzrə dosent, 2013-cü ildə isə professor elmi adı verilib. 2008-ci ildən vokal ifaçılığının tədrisi üçün maqistr və bakalavr təhsil pilləsi üzrə bir çox fənnlərdən proqramlar tərtib edib. Onun 2012-ci ildə çapdan çıxardığı "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər