1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Görkəmli rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilib və sentyabrın 1-dən aktyor truppasına işə götürülüb.
Romantik pafosa, coşqun daxili temperamentə malik aktyor mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilib. Onun Akademik teatrın səhnəsində oynadığı rollara “Kamran” ("Unuda bilmirəm", İlyas Əfəndiyev), “Təbriz” ("Büllur sarayda", İlyas Əfəndiyev), “Böyük bəy” ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev),
“Aydın” ("Aydın", Cəfər Cabbarlı), “Əbu Übeyd” ("Od gəlini", Cəfər Cabbarlı), “Ərtoğrul” ("Afət", Hüseyn Cavid), “Elxan” ("İblis", Hüseyn Cavid), “Şair” ("Fəryad", Bəxtiyar Vahabzadə) və digər obrazları nümunə göstərmək olar.
Aktyor Azərbaycan Dövlət Televiziyasında da bir çox televiziya tamaşalarında uğurlu obrazlar yaradıb: Ə. Əhmədovanın "Pəncərədə işıq" (Toğrul), C.Cabbarlının "Solğun çiçəklər" (Bəhram),
N.Həsənzadənin "Kimin sualı var?" (İlham), B.Vahabzadənin "Vicdanla üz-üzə" (Hakim).
İstedadlı aktyor "Dədəm Qorqudun kitabı" dastanın motivləri əsasında "Dədə Qorqud" çoxseriyalı televiziya filmində Bayandur xan, "Bəyaz həyat"da Vüqar Quliyev rollarına çəkilib.
N.Mehdixanlı 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına qayiq görülüb.
Aktyor bir çox filmlərdə yaddqalan obrazlar yaradıb: “Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları” 5-ci filmini, “Bəyaz həyat”, “Bizim qəribə taleyimiz”, “Cavad xan”, “Cavid ömrü”, “Doğan Günəş”, “Yeddi oğuldan biri və s.
Mina RƏŞİD