22.11.2024, 12:43
AZ EN
24.07.2023, 14:03 322

Bu gün Abdulla Şaiqin anım günüdür

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan uşaq ədəbiyyatının banisi, görkəmli yazıçı, tərcüməçi, pedaqoq Abdulla Şaiqin anım günüdür.

Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə) 1881-ci il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi.

Ölkədə XIX əsrin ortalarından başlayıb getdikcə inkişaf edən maarifçilik hərəkatının ideyaları gənc Abdullaya öz təsirini göstərirdi. Abdulla Şaiq 1889–93-cü illərdə bu məktəbdə ilk təhsilini aldıqdan sonra Xorasana ziyarətə gedən anası, qardaşı Yusiflə birlikdə onu da özü ilə aparır. Yusiflə Abdulla təhsillərini Xorasanda davam etdirirlər. A. Şaiq Yeddi il Xorasanda mükəmməl təhsil alıb, tarix, psixologiya elmlərini, şərq, Azərbaycan, rus ədəbiyyatını mənimsəyir. Payızda anası Xorasana gələrək Abdullanı da Tiflisə gətirir. Bir neçə ay burada qaldıqdan sonra Abdulla Bakıya köçür. O, Bakıda iki sinfi mübarizə ilə üzləşdi. Bununla bərabər Bakı həm də elm, ədəbiyyat və mədəniyyət mərkəzinə çevrilirdi, mətbuat orqanları, məktəblər, mədəniyyət orqanları açılır, ziyalıların sayı artırdı.

1906-cı ildən başlayaraq A.Şaiq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoymuşdur. Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır. 

O, “Əlifba” kitabı, müxtəlif  dərsliklər və dərs proqramları hazırlamışdır.

“Laylay” adlı uşaq şeri ilə imzası mətbuat səhifələrində görünməyə başlayan Abdulla Şaiqin uşaqlar üçün yazdığı bir sıra şeirlər dövrünün tanınmış “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görmüşdü. A. Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoymuşdu.

1919-cu ildə Bakı Dövlət Universitetinin yaranmasından ilhamlanaraq “Tələbə və həyat” pyesini qələmə almışdır. O, xalq ədəbiyyatının toplanmasında və araşdırılmasında, Azərbaycan klassiklərinin və dünya ədəbiyyatının nadir incilərinin oxuculara çatdırılmasında da böyük rol oynamışdır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Hadi kimi böyük ədəbi simalar haqqındakı fikirləri bu gün də öz dəyərini qoruyub saxlayır.

Başqa millətlərin ziyalıları ilə dostluq edən Abdulla Şaiq Şekspirin “Maqbet” pyesini, Conatan Sviftin “Qulliverin səyahəti” romanını, Puşkinin, Lermontovun, Krılovun, Qorkinin, Nekrasovun əsərlərini dilimizə çevirmişdir.

Yazıçının “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağılları bu gün də uşaqlar tərəfindən sevilərək oxunur. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır. 

Abdulla Şaiq 1959-cu il iyulun 24-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990 –cu ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev - muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır. 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər