Gürcüstanın İctimai televiziyasının efirində yayınlanan “Ranina” Mahnı Müsabiqəsində növbəti dəfə Azərbaycan mahnısı ifa edilib. 12 yaşlı müsabiqə iştirakçısı Anastasiya Vasadze sosial şəbəkələrdə bəyəndiyi “Laçın” Azərbaycan xalq mahnısını jürinin qarşısında ifa edib. Onun öz yaşıdları ilə birlikdə sərgilədiyi bu performans Gürcüstanla yanaşı, Azərbaycanda da çox bəyənilib.
Anastasiya Vasadze deyir ki, Azərbaycan musiqisi seçdiyimə görə çox şadam: “Mahnının sözlərini öyrənmək o qədər də çətin deyildi. Mətni internetdən taparaq qısa müddətdə öyrəndim. Eyni zamanda internetdə tərcümə edərək mənasını başa düşdüm. Əvvəl əzbərləməkdə bir az çətinlik çəkdim. Amma sonra təkrarladıqca əzbərlədim. Bu mahnı Əzizə Mustafazadənin ifasında həqiqətən çox gözəl səslənir və mən də bunu ifa etdiyimə görə çox sevindim. Mən azərbaycanlılara bu diqqətə görə təşəkkür edirəm. İfamın bəyənilməsinə görə xoşbəxtəm və bu məni çox sevindirir”.
“Ranina” Mahnı Müsabiqəsinin əvvəlki mövsümündə Polad Bülbül oğlunun “Aman, aman ayrılıq”mahnısı səsləndirilib. İfaçı Oto Bazaraşvili olduqca böyük populiyarlıq qazanıb. Kanalın Proqram Departamentinin direktoru Rusudan Mançqaladze bunu Gürcüstanda Azərbaycan mahnılarına böyük marağın olmasıyla izah edir: “Azərbaycan musiqiləri Gürcüstanda da çox məşhurdu. Düşünürəm ki, bizim iştirakçılarımız da möhtəşəm Azərbaycan mahnılarını həmişə layiqincə ifa edirlər. Azərbaycanlılar və gürcülər unikal musiqiləri olan xalqlardır. Düşünürəm ki, bu bizim ortaq cəhətimiz və bizi birləşdirən dəyərdir. Düşünürəm ki, bu ifa nəinki Gürcüstanda, eləcə də qonşumuz və dostumuz Azərbaycanda da bəyəniləcək.
Qaydalara əsasən hər il “Ranina” müsabiqəsinin qalibi Gürcüstanı Uşaq Avroviziyon yarışında təmsil edir. Gənc ifaçı Anastasiya da qalib gələrsə bu ilin noyabrında Niçsa şəhərində keçiriləcək Uşaq Avroviziya yarışmasında ölkəsini təmsil etmək hüququ əldə edəcək. Gənc ifaçıya uğurlar arzulayırıq.
Hazırladı: Tahirə AĞAMİRZƏ