23.12.2024, 09:14
AZ EN
31.05.2023, 10:40 282

Bu gün Sara Qədimovanın doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan muğam ifaçılığı sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Sara Qədimovanın doğum günüdür.

Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. O, əslən Ağdam rayonundandır. Onun uşaqlıq illəri Qarabağda, Gülablı kəndində keçib. Bu kənddə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarlar tez-tez Gülablıya gələr, yerli xanəndələrlə məclislər qurardılar. Bu mühit S.Qədimovanın yaddaşında dərin iz buraxıb və elə uşaqlıqdan onda musiqiyə böyük həvəs yaranıb.

Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi.

Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub.

Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.

Xalq artisti Sara Qədimova 2005-ci il mayın 12-də vəfat edib. Ruhu şad olsun!

Mina RƏŞİD

Oxşar xəbərlər