Mövzu ilə bağlı TÜRKSOY-un Baş katibi Sultan Raev “Anadolu”ya danışıb.
Baş katib türk dünyasını Şuşada bir araya gətirməkdən çox həyəcanlı olduqlarını ifadə edib: “Şuşa bizim üçün bir sənət məbədi, Azərbaycan musiqisinin beşiyidir. Bura birliyimizin təmsili, gücümüzün mənbəyidir, ona görə də biz çox həyəcanlıyıq”.
Sultan Raev Şuşanın bütün türk dünyası üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Qardaş Azərbaycan xalqının təkcə türk dünyasına deyil, dünya mədəniyyətinə, sivilizasiyasına böyük töhfələr verdiyi Şuşa şəhərində bütün türk dünyasını bir araya gətirməyə hazırıq. Qəhrəman Azərbaycan xalqının zəfəri nəticəsində Şuşa artıq göz yaşının, kədərin yox, azadlığımızın, müstəqilliyimizin və qardaşlığımızı mərkəzidir. Zaman-zaman əzəli Azərbaycan torpaqlarında, Şuşada atışma və mina partlayışları eşidildiyi halda, bu gün bütün türk dünyasının türküləri oxunur, Qarabağın ucsuz-bucaqsız dağlarında türk bayrağı dalğalanır”, – o, əlavə edib.
Qeyd edək ki, rəsmi açılış mərasimi sabah saat 12-də başlayacaq. (APA)