Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Bu gün Azərbaycanın milli istiqlal şairi, himnimizin müəllifi Əhməd Cavad Axundzadənin doğum günüdür. O, 1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olub. Altı yaşında ikən atasını itirən Əhməd ilk təhsilini mollaxanada alıb. Sonra ailələri Gəncəyə köçüb. O, buradakı Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında oxuyub. Seminariyanın müəllimləri uşaqlara yalnız dərs vermir, həm də onlarda milli vətənpərvərlik ruhunu oyadırdılar. Onların arasında şair Hüseyn Cavid, ədəbiyyatşünas Abdulla Sur, Şeyxülislam Pişnamazzadə kimi dövrünün tanınmış simaları var idi. Əhməd tezliklə seminariya müəllimlərinin sevimli tələbələrindən birinə çevrilib. Hüseyn Cavidlə tez-tez ünsiyyətdə olması və onun şeirlərini dinləməsi Əhmədi də yazmağa ruhlandırıb. O, ilk şeirlərini də məhz seminariyada oxuyarkən qələmə alıb. Bundan əlavə, müəllimlərinin milli-mənəvi ruhlu söhbətlərini dinləməsi, türk xalqlarının düşdüyü vəziyyət, gələcəyi barədə seminariyada gedən söhbətlər Əhməd Cavadın gələcək həyat yolunun müəyyən edilməsində, onun bütün varlığı ilə milli istiqlal yolunda mücadiləyə başlamasında böyük rol oynayıb.
Əhməd seminariyada ərəb, fars, rus dillərini mükəmməl öyrənib. 1912-ci ildə təhsilini bitirərək müəllimlik şəhadətnaməsi alan Əhməd Cavad əmək fəaliyyətinə başlayıb. Yaradıcılığa lirik şeirlərlə qədəm qoyan gənc şairin əsərləri 1913-cü ildə ilk dəfə çap edilib. "Qoşma" adlı ilk şeirlər kitabı isə üç il sonra, 1916-cı ildə çapdan çıxıb.
Əhməd Cavad böyük istedada malik, vətənini, xalqını bütün qəlbi ilə sevən bir insan idi. Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət onu ciddi narahat edib. Ona görə də, şair və pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan "Qafqaz könüllü hissəsi" sıralarına qatılıb. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi gedişində Türkiyənin şərq cəbhəsindəki döyüşləri Sarıqamış uğursuzluğu ilə nəticələnib. Ölkənin rus ordusunun işğalı altında olan Qars və Ərzurum əhalisi rus və erməni dəstələri tərəfindən qırğına məruz qalıb. Bu vaxt Bakıda yerləşən "Azərbaycan xeyriyyə cəmiyyəti" Türkiyənin şərq vilayətlərindəki əhalisinə yardım edib. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışırdı.
1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad "Qara dəniz" şeirini yazıb və böyük ümidlərlə yaşayırdı.
Əhməd Cavadın "Çırpınırdın, Qara dəniz" şeirinin sözlərinə yazılmış mahnı (musiqisi Üzeyir Hacıbəylinindir) bütün türk dünyasının azadlıq və mübarizə himninin əks-sədasıdır.
Birinci Dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffəqiyyət qazanır. 1918-ci ildə türk ordusu qardaş Azərbaycanın istiqlalına köməyə gəlir. Azərbaycan və türk birlikləri Bakını erməni-rus işğalından azad edir. Əhməd Cavad azərbaycanlı və türk əsgər yoldaşları ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur. Bu döyüş meydanında Əhməd Cavadın yazdığı "Bismillah" şeiri milli həyəcana malik olan dəyərli lirik əsərlərindən biridir:
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlaq səhifəsi kimi sevinclə qarşılayan Əhməd Cavad 1919-cu ildə müstəqil dövlətimizin himnini - "Azərbaycan marşı"nı yazıb. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir də onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir.
Azərbaycan milli-azadlıq mücadiləsinin öndəri və Şərqdə qurulan ilk demokratik cümhuriyyətin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə yazırdı: "O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi".
1919-cu ildə Əhməd Cavadın "Dalğa" adlı şeir kitabı nəşr olunub.
1920-ci ildə cümhuriyyətin süqutundan sonra şair Qusarın Xuluq kəndinə köçərək müəllimlik etməyə başlayıb.
Əhməd Cavad 1922-ci ildə Bakıda Pedaqoji Ali Məktəbə daxil olub. "Maarif və mədəniyyət" jurnalında işləyə-işləyə Ali Pedaqoji İnstitutu bitirən Əhməd Cavadın sonrakı pedaqoji fəaliyyəti ali məktəblərlə bağlıdır. Bir müddət Azərbaycan Politexnik İnstitutunda, Kənd Təsərrüfatı İnstitutunda (Gəncə) dərs deyib, rus dili üzrə Azərbaycanın ilk professorlarından biri olub.
Əhməd Cavadın məşhur "İstiqlal uğrunda şeirlər" kitabı 1928-ci ildə İstanbulda işıq üzü görüb və bununla da həmin dövrdə mətbuatda Əhməd Cavadın əleyhinə hücumlar başlayıb.
1935-ci ildə Gəncədən Bakıya qayıdan Əhməd Cavad "Azərnəşr"də fəaliyyətini davam etdirib. Ona qarşı hücumlar burada da səngiməyib. Xüsusilə də Yazıçılar İttifaqının plenumlarında şairi kəskin tənqid ediblər. Əhməd Cavad bütün bu zərbələrə mərdliklə dözərək, əleyhdarlarının adi ədəbi faktlara kəskin siyasi don geydirmələrinə təmkin göstərirdi. Hücumlar isə öz nəticəsini verirdi.
1937-ci ildə mətbuat səhifələrində Əhməd Cavada qarşı iftira kampaniyası getdikcə genişlənirdi. 1937-ci il iyun ayının 3-də Əhməd Cavadı Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar. Beş gün sonra isə həbs edirlər. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana "xalq düşməni" damğası vurulur. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükriyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə edirlər.
Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnib. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olub. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilib. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunub. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alıb...
Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabları çap olunub. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görüb.
Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!
Hazırladı: Mina RƏŞİD