15.01.2025, 18:52
AZ EN
05.05.2023, 09:00 249

Bu gün Xalçaçıların günüdür

XƏBƏRLƏR
  • Mayın 5-i ölkəmizdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün “Xalçaçı Günü” kimi qeyd olunur.

Prezident İlham Əliyev qədim tarixə malik xalçaçılığın inkişafına  böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, şəhər və rayonlarımızda xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının təzahürüdür.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.

Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı yaradılaraq fəaliyyətə başlayıb.

Səhmdar Cəmiyyətin ilk filialı 2016-cı ilin noyabr ayında Füzuli rayonunun Horadiz şəhərində açılıb. 2017-ci ildə Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında xalça istehsalı emalatxanaları yaradılıb. 2018-ci ilin sonunda Səhmdar Cəmiyyətin daha 10 xalça emalatxanasının – Naxçıvan, Nardaran, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Qobustan, Cəbrayıl, Lənkəran filiallarının tikintisi başa çatdırılaraq istehsala başlanılıb. İsmayıllı şəhərində ikinci xalça emalatxanası öz qapılarını toxucuların üzünə açıb. Bu emalatxanaların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Hazırda “Azərxalça”da 1700 nəfərdən çox işçi çalışır.

Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” da təsdiq olunub. Dövlət proqramının uğurlu icrası bu sahədə daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir.

“Azərxalça”nın istehsalı olan məhsullar xalçaçı-rəssamlar tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda qədim və orijinal xalçaların əsasında yeni çeşnilərin elektron variantı hazırlanıb. Bu çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılıb. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına daha çox üstünlük verilir.

Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan xalçası" brendi adı ilə satılır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər