23.12.2024, 08:11
AZ EN
13.04.2023, 10:00 282

Sərhədçi olmaq Əlinin arzusu idi

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi şəhidi, kiçik gizir Əli Zeynal oğlu Məmmədovun doğum günüdür. O, 2000-ci il aprelin 13-də Yevlax şəhərində anadan olub. 2007-2018-ci illərdə Yevlax şəhəri Qənbər Məhərrəmov adına 4 saylı tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə Dövlət Sərhəd Xidmətinın Horadiz sərhəd dəstəsində müddətli həqiqi hərbi xidmətə başlayıb. Əli hərbi xidməti dövründə bir sıra keyfiyyətləri ilə fərqlənib.

Peşəkar sərhədçi olmaq istəyi Əlini 2020-ci ilin fevral ayında Dövlət Sərhəd Xidməti sıralarına qaytarıb. Çevik Hərəkət Qüvvələrinin Artileriya Briqadasında istehkamçı-minaaxtaran vəzifəsində xidmətə başlayan kiçik gizir Əli Məmmədov qısa müddət ərzində gözəl davranışı  və çalışqanlığı ilə kollektivin dərin hörmətini qazanıb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Əli ilk günlərdən döyüş meydanına yollanıb. Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrinin azad olunmasında iştirak edib. O, döyüşlərdə  fədakarlığı və qorxmazlığı ilə fərqlənib. Oktyabrın 9-da Hadrut istiqamətində gedən ağır döyüşlərdə Əli qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz  2020-ci il oktyabrın 16-da də Yevlax şəhərində böyük bir izdiham və el məhəbbətilə torpağa tapşırılıb.
Kiçik gizir Məmmədov Əli Zeynal oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Əli balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər