22.11.2024, 19:06
AZ EN
07.04.2023, 17:25 227

Ağdaban faciəsinin 31-ci ildönümü qeyd edilib

XƏBƏRLƏR
  • Kəlbəcər rayon İcra Hakimiyyətində Ağdaban faciəsinin 31-ci ildönümü qeyd edilib. Tədbirdə RİH-nin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və faciənin şahidləri iştirak ediblər.

Anım mərasimində əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan vətən övladlarının, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ağdaban faicəsindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon 104 saylı tam orta məktəbin direktoru Qələndər Zeynalov, faciə şahidləri Yaşar Məmmədov çıxış edərək bildiriblər ki, Kəlbəcərin işğalından bir il əvvəl Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Bu hadisə Azərbaycanın gözəl guşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım faktıdır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə müşayiət olunan insanlıq əleyhinə ən böyük cinayətdir. Ermənilər Ağdabanda insanlara divan tutmaqla bərabər tarix, memarlıq və mədəniyyət abidələrimizi dağıdıb, müqəddəs ziyərətgah və məzarlıqlarımızı təhqir ediblər. Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandallığın davamı kimi, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub. Şükür olsun ki, bu gün Qarabağımız, o cümlədən Kəlbəcərimiz azaddır və faicə qurbanlarının qisasını mənfur düşmənlərdən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəşadətli ordusu alıb. Bu gün ağdabanlılar Ağdaban kəndində faicə qurbanlarını yad edirlər. Eyni zamanda hadisə şahidləri bildiriblər ki, bu gün hər bir azərbaycanlı kimi onlar da qələbəmizə sevinir və doğmalarının qisasını aldıqlarına görə dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə və onun məğrur ordusuna minnətdardırlar.

Tədbir iştirakçıları Ağdaban faciəsini bütün bəşəriyyətə və insanlığa qarşı soyqırım kimi qiymətləndirmiş və bu tarixi həqiqətləri gənclərimizə çatdırmağın vacibliyini vurğulayıblar.

Mina RƏŞİD

Oxşar xəbərlər