Vətən müharibəsi yaşından asılı olmayaraq, bütün azərbaycanlıların qürur mənbəyidir. Burada hər kəs öz imkanları daxilində əlindən gələni eylədi. O cümlədən gənclər daha çox fəallıq göstərdilər. Onlardan biri də Əmrah Elşad oğlu Əliyevdir. Əmrah 27 sentyabr 1999-cu ildə Ağdam rayonunun Əhmədağalı kəndində dünyaya gəlmişdir. O, elə doğulduğu kənddəki tam orta məktəbi bitirmişdir. Orta təhsilli qazimiz həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Xidmətdən az sonra başlayan Vətən müharibəsində döyüşən igid qazimiz Tərtər, Suqovuşan istiqamətində düşmənin məhv edilməsində böyük fəaliyyət göstərmişdir. O, 1 oktyabr 2020-ci ildə Suqovuşanda yaralanmışdır. Həkimlər onun yarasını üçüncü dərəcəli əlil kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əmrah Əliyev "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
İsa MUSAYEV