-Aprel döyüşləri bizi Vətən müharibəsinə aparan bir yol idi. Aprel döyüşləri çox ağır şəkildə keçib. Müharibənin ən ağır tərəfi illərlə birlikdə xidmət etdiyin dostları, yoldaşlarını, silahdaşlarını, qardaşlarını itirməkdir.
Mən1980-ci ildə Gürcüstan Respublikası Tiflis şəhərində anadan olmuşam. Uşaqlığımı Gəncə şəhərində yaşayaraq təhsilimi də orada davam etdirmişəm. 1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 1995-ci ildə Kuleli Askeri lisedə təhsilimi davam etdirmişəm. 1999-cu ildə həmin liseyi müvəqqiyətlə bitirmişəm və Ankara Quru Qoşunlarının hərbi məktəbində təhsilimi davam etdirmişəm. 2004-cü ildən etibarən dalğıc kursunu, komanda kursunu Türkiyə Respublikasında bitirdikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamışam. 2005-ci ildən 2006-cı ilə qədər Naxçıvan MR-də xidmətimi davam etdirmişəm. 2006-cı ildən etibarən isə xüsusi təyinatlı qüvvələr kursunu bitirərək XTQ-də xidmətə başlamışam. Vətən müharibəsində “Əfsanəvi tabor”un komandiri olmuşam. 2014-cü ildə düşmən təxribatının qarşısını alarkən qrup komandiri olaraq əməliyyatda iştirak etmişəm. Həmin əməliyyatı Ağdam istiqamətində icra etmişik. Əməliyyat zamanı döyüş yoldaşlarımız gizir Əliyev Pərvin, gizir Hüseynov Rahil, gizir Əhmədov Elçin qəhrəmancasına şəhid olublar. Biz əməliyyata başladığımız zaman düşmən bir neçə gün idi təxribatlara davam edirdi. Biz tapşırıq almışdıq ki, həmin təxribatların qarşısını mütləq almalıyıq. Ağdam istiqamətində tapşırığımızı icra etdik. Gecə ikən düşmənin dərinliyinə sızaraq 30-a yaxın düşmənin xüsusi təyinatlı dəstəsini məhv etdik. Təəssüf ki, həmin əməliyyatlarda 2 döyüş yoldaşımızı itirmişik. 13 nəfərdən 3 şəhid, 5 yaralımız oldu. Amma buna baxmayaraq, həmin tapşırığı yüksək səviyyədə icra etmişik. Əməliyyatdan sonra Ali Baş Komandan tərəfindən qiymətli hədiyyə ilə təltif olundum.
2016-cı ildə Aprel döyüşlərində iştirak edərək xüsusi təyinatlı komandanlıq tərəfindən tapşırıq almışam. Mənim əmrimdə 3 xüsusi əməliyyat qrupu olub. Ayın 2-dən 3-nə keçən kecə Tapqaraqoyunlu kəndi istiqamətindən düşmənin ağır artilleriya atəşlərinə baxmayaraq, biz cəbhə xəttini keçib, düşmənin gerisinə,Talış kəndi istiqamətinə doğru hərəkət etdik. Tank mərmisinin biri 10-15 metirliyimə düşdü. Mənimlə bərabər yanımdakı döyüşçü yüngül kontuziya almasına baxmayaraq yenə də hərəkətimizi davam etdirdik. Düşmən postuna yaxınlaşarkən düşmən tərəfindən atəşə tutulduq. Bir yoldaşımız yaralanmışdı. Mənim qrupumda Elçin İsmayılov var idi. Allah rəhmət eləsin, Vətən müharibəsi qəhrəmanı Səfərli Gündüz var idi, onlarla birgə gecə saat 2-3 radələrində Talış kəndi istiqamətinə çatdıq. Artıq gördük ki, düşmənin ağır txnikası kəndə daxil olub. Hətta bir tabordan çox canlı qüvvəsi var idi orda. Yuxarı komandanlıqdan artıq bizim qüvvələrin geriyə çəkildiyi məlumatı verildi. Məlumat gəldi ki, Milli Qəhrəmanımız polkovnik Murad Mirzəyev, Milli Qəhrəmanımız polkovnik-leytenant Samid İmanov və onun yanındakı yoldaşlarımız düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olublar. Biz həmin postun ələ keçirilməsi tapşırığını aldıq. Həmin istiqamətdə mənim əmrimdə olan 3 qrupla hərəkət elədik. Həmin postda düşmənin xeyli sayda qüvvəsi yerləşdiyi üçün komanda gəldi ki, “Sadəcə müşahidə altına alın, əlavə olaraq komanda gəldikdə həmin tapşırıqları icra edərsiniz”. Təxminən 2-3 gün ərzində düşmən gerisində qaldıq. Atəşkəs olduqdan sonra isə tapşırığımız dəyişdi. Oradakı şəhid yoldaşlarımızın axtarışı, tapılması və təxliyəsi tapşırığını aldıq. Baş leytenant Elvin Namazov, Seymur Baxışov, Mühüd Orucov, Pəncəli Teymurov ayın 8-i isə Milli Qəhrəman Samid İmanovun nəşini axtarış nəticəsində tapdıq.Əlində qumbara var idi, qumbaranı sıxmışdı. Son nəfəsinə qədər təslim olmaq niyyəti olmayıb və qumbaranı ona görə çıxarmışdı ki, düşmən onu ələ keçirərsə, qumbara ilə özünü düşmənlə bir yerdə partlatsın. Əslində Aprel döyüşləri başladığı zaman biz elə bildik ki, artıq bütün torpaqlarımızı azad edəcəyik. Lakin Aprel döyüşlərində biz onu gördük ki, bu həm psixoloji, həm mənəvi, həm də texnika cəhətdən, canlı qüvvə olaraq düşmən qat-qat üstündür. Nəinki xüsusi təyinatlı qüvvələr, bizim Silahlı Qüvvələr, əsgərimiz, millətimizin gözlərinin içində o alovu artıq görə bilirdik. Aprel döyüşləri çox ağır şəkildə keçsə də uğurlu oldu.
“Əfsanəvi taboru”un qəhrəmanı daha sonra bildirir ki, istər 2014-cü ilin avqust ayında, istər ondan sonrakı təxribatlar, əsas da Aprel döyüşü bizi Vətən müharibəsinə aparan bir yol idi. Bu yol bizi Tovuz hadisələrinə çıxardı. Düşmənin təkrar təxribatının qarşısını alarkən bizim qəhrəman komandirlərimiz, silahdaşlarımız şəhid oldu. O, artıq son damla idi.
Komandir söhbətinə davam edərək Vətən müharibəsində “Əfsanəvi tabor”un, xüsusi əməliyyat taborumuzun tabor komandiri olduğunu vurğulayıb: “ Sentyabrın 26-da artıq məlumat gəlmişdi ki, düşmən tərəfindən böyük təxribat gözlənilir. Məlumat doğrulandı. Sentyabrın 27-də düşmən bütün istiqamətlərdə təxribat törətməyə başladı.Tapşırığımız Alxanlı istiqamətindən cəbhə xəttini keçərək Qaraxanbəyli kəndini işğaldan azad etmək idi. Düşmən bütün artilleriya vasitələrindən, əlində olan bütün atəş vasitələrindən bizim mövqelərimizi güllə yaşığına tutmuşdu. Sentyabrın 28-i saat 7-8 radələrində Qaraxanbəyli kəndinin yaxınlığına çatdıq. Kəndə daxil olarkən oradakı düşmən tərəfindən ağır atəş altına düşdük. Düşmən artıq bizi gözləyirdi, düşmənin mövqeləri var idi. Hansı ki, “”Ohanyan səddi” deyilən taborun qabağında “Dozor” hərəkət edirdi. Həmin “Dozor” qrupunda olan yoldaşlarımızdan Aslan Şərifov, Vasiv Məmmədov yaralanmışdı. Təxminən 4 saata yaxın həmin ərazidə döyüş getdi. Düşmən çox böyük qüvvə ilə kəndi müdafiə edirdi. Ayın 28-ə qədər bizim sadəcə 7 yaralımız var idi, amma şəhidimiz yox idi. Sonra Füzuliyə çatdıq. Kamil Şirinov bizdən geriyə çıxmaq istəyən düşməni məhv etmək üçün məndən icazə istədi. Mən icazə verdim və öz qrupu ilə birlikdə düşmənin diversiya qrupunu məhv etmək üçün hərəkətə keçdi. Orada çox ağır döyüş oldu. Kamil Şirinovun əmrində olan qrup qəhrəmancasına döyüşdü, həmin düşmən qrupunu məhv etdi. Bu döyüşdə 7-8 nəfər yaralımız oldu. Kamil Şirinov isə son nəfəsinə qədər döyüşərək şəhid oldu. Kəndi ayın 30-dan etibarən artıq tam olaraq nəzarətimizə keçirdik. Düşmənin artilleriya atəşləri davamlı olaraq davam edirdi. Amma artıq düşmənin bütün canlı qüvvəsini həmin kənddən çıxarmışdıq. Mən isə düşmənin ağır artilleriya atəşləri nəticəsində ayın 30-u qəlpə yarası aldım, boynumun sağ hissəsindən qəlpə girmiş, sol hissəsindən çıxmışdı. Onurğa beynim ağır zədə almışdı. Yoldaşlarımızın səyləri nəticəsində, taborumda olan tibb mütəxəssisləri və Allah rəhmət eləsin, özü şəhid oldu, gizir Qəzənfər Mütəllimov tərəfindən təxliyə olundum.Qəzənfər Mütəllimov birbaşa mənim taborumda deyildi, amma bizim təxliyəmizi, yaralı və şəhidlərimizin təxliyəsini gerçəkləşdirdi. O adam əsl qəhrəman idi. Onun sayəsində hazırda bir çox qazilərimiz həyatdadır, yaşayırlar. Yaralılarımızın təxliyəsindən bir neçə gün sonra şəhid olmuşdu. Sentyabrın 30-da mən ağır şəkildə yaralandıqdan sonra hospitala təxliyə olundum, taborun əmr komandasını şəhid Vətən müharibəsi qəhrəmanı mayor Şıxamir Qaflanov aldı və çox ağır yaralandığım üçün mən döyüşlərə qayıda bilmədim. Hələ də müalicə alıram. 3 il keçməsinə baxmayaraq, hələdə fəsadlar var. Mənim “Əfsanəvi tabor”um Qaraxanbəylidən tutmuş Hadrut, Şuşa istiqamətində bütün döyüşlərdə iştirak edib, qəhrəmancasına döyüşüb. Ümumi olaraq “Əfsdanəvi tabor”un 19 şəhidi var. Onların 5-i Vətən müharibəsi qəhrəmanıdır”.
Polkovnik-leytenant Nizami Əliyev Prezident İlham Əliyevin sərəncamları əsasında “Azərbaycan bayrağı” ordeni, “Şücaətə görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qüsursuz xidmətə görə” və digər medallarla təltif edilib.
Tahirə AĞAMİRZƏ