22.09.2024, 00:17
AZ EN
15.03.2023, 16:30 224

91 yaşlı Qərbi Azərbaycanlı: “Ermənilər bizim başımıza oyunlar açıblar”

XƏBƏRLƏR

Qara, çovğuna əsir düşmüş  Zəngəzur, Qaraqoyunlu, Pəmbək, Ağbaba dağları, sinəsi buz bağlamış Göyçə gölü dərin bir yuxuya dalmışdı. Yuxularına allı-güllü çəmənlər, yaylaqlara səpələnmiş obalar, əl-ələ, qol-qola yallı gedən çinar boylu igidlər, nazlı-qəmzəli qız-gəlinlər girirdi yuxusuna. Yağı düşmənin didərgin saldığı ellərin də yuxusuna, qucağına həsrət qaldıqları dağlar girmişdi. Oyandılar, ötən günlərin xatirələrində isinmək istədilər. Vətən, yurd deyəndə dodaqları çatladı. Torpaq deyəndə ürəkləri atdandı. Dağ deyəndə doğma dağlar yada düşdü. Bu ağrıya, bu acıya dözəmmədilər, çoxları qərib diyarlarda Vətən deyə-deyə əbədi yumdu gözlərini. Gözlərindən qopub üzü aşağı yuvarlanan sonuncu göz yaşı isə qana döndü...

91 yaşlı Novruz İsmayılov Qərbi Azərbaycanın xəyalı ilə yaşayan yüzlərlə insanlardan biridir.

O, deyib: Anadan olduğum torpaq Göyçədir. Ana yurd həm mənim anam, həm də atam olub.  Atam əsgər gedib gəlməyib, anam böyüdüb məni. Göyçədə anamı dəfn edib gəlmişəm. Anamın məzarı üstündə günbəz tikmişdim. Səkkiz günbəz vardı, hamısını qırıb dağıdıblar. Qəbirlərimizin hamısını kürüyüblər.  Orda 1941-ci ildən qalmış bir daş vardı, körpü kimiydi, uşaq yeriməyəndə onun altından keçirdirdilər, uşaq yeriyirdi. Bizi deportasiya edəndən sonra ermənilər o daşı götürüb aparmışdılar. Qədimdən qalma qoç daşları var idi,  hamısını aparıblar. Bala təpə deyirdik, orda bir qaya vardı, qayanın üstünə iyirmi beş dənə xaç çəkmişdilər. Ağsaqqallar deyirdilər ki, 1918-ci il mayın 18-i, ya 25-i idi, yaxşı yadımda qalmayıb, ermənilər bizim kəndə topla necə atəş açıblarsa, çörək təndirdə bişirili qalıb. Silahlı quldur dəstələri kəndə gələndə camaat qapısın, bacasın açıq qoyub çıxıblar yala. Yal deyilən yer Kəlbəcərlə bizim aramızda 25 kilometr məsafədə yerləşirdi. Orda qar da yağmağa başlayıb, bütün camaat batıb qalıb qarın altında. Ermənilər bizim başımıza belə oyunlar açıblar. Ermənilər sonradan yer-yurdlarımıza yerləşdiriliblər. Orda yaşayanların hamısı azərbaycanlı idi. Bizə  deyirdilər siz gəlməsiniz guya. Halbuki, Beyrutdan, livandan bizim torpaqlarımıza köçürmüşdülər özlərini. Orda əvvəlcə Çamurlı, sonra Söyünquluuşağı, daha sonra Nərimanlı kəndi olub. Nəriman Nərimanovun adını veriblər o kəndə. Ermənilər nə qədər elədi onu dəyişdirə bilmədilər. Çünki camaat qoymadı.  Ermənilər ali təhsil alıb kəndə gələnlərə iş vermirdilər, onlar da qayıdıb gedirdilər Azərbaycana.

Bəyaziddə zona müşavirəsi idi, qabaqdan bizə forma gəlirdi Azərbaycandan bütün Azərbaycanca olurdu, sonra elə elədilər ki, rusca da yazmırdılar, ermənicə türk yazırdılar, erməni dilini oxuya bilmirdik. İclasda soruşdum ki, niyə bunu belə edirsiniz? Dağın dalını göstərib dedi ki, sizin yeriniz o dağın dalıdı, get orda öyrən. Kəmfürsət ermənilər başımıza belə oyunlar açırdılar. Bütün vəzifədə olan azərbaycanlıların hamısını vəzifədən uzaqlaşdırırdılar. İdarəyə iş üçün gedəndə işlərimizi rüşvət almamış düzəltmirdilər. İdarədə Heydər Əliyevin şəklini çıxarıb Qarboçovun şəklini asırdılar, gedib hay-küy salırdıq, deyirdik ki, bu saat teleqram vuraram, həmin vaxt gətirib şəkli yenidən asırdılar. Sabah, birigün gedəndə yenə görürdüm ki, Ulu Öndər Heydər Əliyevin şəkli orda yoxdu. Bilirdilər ki, Heydər Əliyev qoymayacaqdı camaat dağıla, köçə. Camaatımız Heydər Əliyevi çox sevirdilər. O, bizim ümidgahımız idi. Ermənilər onun adını eşidəndə qorxurdular.

Çəmbərək (Krasnoselo) rayonu, hamısı azərbaycanlıların ata-baba yurdları idi. Bizim rayonda beş erməni kəndi vardı, ikisi də azərbaycanlılarla qarışıq idi.

Göyçə gözəl mənzərəlidir. O yurdlar, ocaqlar bizi gözləyir. Ayaqyalın gedərəm ora. Uşaqlığım, gəncliyim, cavanlığm orda keçib.....

Uca Tanrı  Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qazilərimizə cansağlığı versin. Şəhidlərimizə rəhmət eləsin. Onların qanı bahasına torpağımız düşmən tapdağından azad edildi.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər