Ailəsi əslən Laçın rayonunun Malıbəy kəndindən olan Yaqub Eldəniz oğlu Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olmuşdu. 2005-2016-cı illərdə Bakının Xəzər rayonundakı 92 nömrəli məktəbdə orta, 2016-2020-ci illərdə Tbilisi şəhərində Gürcüstan-Avropa Universitetində ali təhsil almış, kompüter mühəndisliyi ixtisasına yiyələnmişdi.
Hərbi xidməti Vətən qarşısında ən müqəddəs borcu hesab edirmiş. Özü də düşmənlə təmas xəttində, ön cəbhədə olmağa can atırmış.
2020-ci ilin yayında hərbi xidmətə çağrılıb və Gəncə şəhərindəki hərbi hissədə xidmətə başlayıb. Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatına da oradan göndərilib. Murovdağ istiqamətində gedən şiddətli döyüşlərin iştirakçısı olub. Oktyabrın 2-də şəhidlik zirvəsinə yüksəlib. Valideynləri, dostları xatırlayırlar ki, o, hərbi xidmət haqqında söz düşəndə özünə şəhidlik arzulayırmış, deyirmiş ki, torpaqlarımızı qanımız bahasına düşməndən azad etməliyik. Yaqub qısamüddətli əsgərlik dövründə silahdaşlarının hörmət və ehtiramını qazana bilmişdi. Həm səmimiyyəti, həm də cəsurluğu ilə seçilirmiş.
Babasının adını daşıyan Yaqubu bütün qohum-əqraba çox istəyirmiş. Bibisi Xatirə Abdurrəhmanova deyir: “O vaxt atama etiraz etdim ki, adını niyə bu uşağa verdin? Ondan bizə ata olacaq? Dedi ki, görün, o nə oğul olacaq. Həqiqətən də Yaqub adını, atamın onunla bağlı gözləntilərini doğrultdu. Nəinki bizə, ailəsinə, vətəninə layiq oğullardan oldu”.
Yaqub Yaqubzadə valideynlərinin yaşadığı Qala qəsəbəsində dəfn olunub. Məzarı müqəddəs ziyarətgahlardandır. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin.