Həyata yenicə qədəm qoyan onlarla gənclərimizin hələ bir qızın qulağına pıçıldamadığı sevgiləri də gənc ömürləri ilə birgə torpağa gömüldü...
Zaur da belə gənclərimizdən idi. Subay idi Zaur, amma hər kəsdən gizləməyə çalışdığı bir sevdası vardı. Amma...
Əslən Qubadlı rayonunun Dəmirçilər kəndindən olan Mehdiyev Zaur Famil oğlu, 1972-ci il fevral ayının 25-də Bakı şəhərində anadan olmuşdu. Xətai rayon 29 saylı orta məktəbi, sonra isə 67 saylı Texniki-Peşə Məktəbini bitirərək, avtomobil sürücüsü peşəsinə yiyələnmişdi.
1990-1992-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda yaşasa da, ermənilərin törətdikləri qanlı hadisələrdən hiddətlənib cəbhəyə, ata-baba yurdu olan Qubadlıya gedən Zaur könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. Rayonun Ermənistanla sərhəd kəndlərinin müdafiəsi uğrunda erməni quldurlarına qarşı mərdliklə döyüşmüşdür.
Qubadlının işğalından sonra Zəngilan, Cəbrayıl və Ağdam rayonlarında gedən döyüşlərdə fəal iştirak etmişdir.
Zaur Mehdiyev 1994-cü il yanvar ayının 6-da Ağdamın Güllücə kəndi uğrunda gedən qanlı döyüşdə düşmənlə üz-üzə, göz-gözə döyüşərək qəhrəmancasına Şəhid olmuşdur.
Məzarı Bakı şəhəri, Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanındadır.
Bu gün Zaurun da digər şəhid silahdaşları kimi ruhu şaddır. Çünki Azərbaycanın Ordusu həm onların uğrunda canlarını verdiyi Vətən torpağını düşməndən təmizlədi, həm də bütün şəhidlərimizin qisasını aldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!..
Tahirə AĞAMİRZƏ