09.06.2025, 13:20
AZ EN
21.02.2023, 11:50 352

Şahmar hamıya kömək edirdi

XƏBƏRLƏR
  • Bu gün onun doğum günüdür. Vətən Müharibəsi qəhrəmanlarından olan çavuş, şəhid Seyidov Şahmar Fikrət oğlu 1997-ci il fevralın 21-də Mingəçevir şəhərində dünyaya gəlib. Doğma şəhərdə orta məktəbi birtirib. Sonra peşə təhsili alıb. Hərbi xidmətini başa vurduqdan sonra yenidən Ordu sıralarına daxil olaraq müddətdən artıq hərbi xidməti ilə Vətənə qulluq edib. 

Azərbaycan Ordusunun kiçik çavuşu Şahmar Seyidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı mərdliklə döyüşlərə qatılıb. Onun döyüş yolu Talış, Suqovuşandan başlayaraq  Şuşanın Daşaltı kəndinə qədər davam edib. 2020-ci il oktyabr ayının 12-də Şahmar Daşaltı uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz doğma Mingəçevirdə Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Cəsur döyüşçü", “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Onun hərbçi  yoldaşı Fərahim Hüseynov deyir ki, biz 6 ay bir yerdə Şahmarla Vətənə xidmət etmişik, sonra ayrıldıq. O hamıya kömək edirdi, elə yaxşı oğlan idi ki...

Şahmar Vətən uğrunda şəhadətə ucalanda cəmi 23 yaşı vardı. O, gənc ömrünü doğma Vətənin azadlığına bağışlayaraq adını Zəfər tariximizə əbədi olaraq qanıyla həkk elədi.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şahmar balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər