30.07.2025, 22:21
AZ EN
20.02.2023, 17:47 339

Sabah Su çərşənbəsidir

XƏBƏRLƏR
  • Fevralın 20-si Boz ayın ilk günüdür. Bu gündən etibarən Kiçik çillə öz yerini Boz aya verir. Boz ay, qədim adət-ənənəyə görə, Novruz bayramından əvvəl olan dövrə deyilir. 

Bu ay Şərq xalqlarının təqviminə görə, qış fəslinin sonuncu dövrüdür. Boz ay xalq arasında həm də "alaçalpov”, "çilləbeçə”, "ağlar-gülər”, "cəmlələr” kimi də adlanır. Şərq xalqlarının inanclarına görə, Boz ayda adından da göründüyü kimi, gah qızaran, gah da bozaran hava şəraiti hakim olur. Hava bir gün isti, bir gün soyuq, bir gün mülayim, bir gün yağışlı olur. Hətta bir gün ərzində hava bir neçə dəfə kəskin dəyişə bilir.

Bu təbiət hadisələri ilə bağlı xalq içində 4 fəslin (yaz, yay, payız, qış) özünü - hərəsinin bir gün və ya bir günün içində nümayiş etdirməsi kimi qiymətləndirilir. Düz bir ay davam edən bu dövr yumşaq və narın yağışlı günlərin çoxluğu ilə seçilir. Bu isə Boz ayın özündən çox, qışdan yaza olan keçid və bu keçiddə təbiətin dəyişkənliyinə əsaslanır.

 Tarixi mənbələrə görə, insanlar Kiçik çillə bitən kimi bayram hazırlıqlarına başlayır. Həyət-baca təmizlənir, qohum-əqrəba xatırlanır. Evlər təmizlənərkən əşyaların da yeri dəyişdirilir ki, keçən ildən ağırlıq qalmasın. Qədim insan əkinçilik üçün hazırlığa da Boz aydan başlayardı. Əkin sahələri səliqəyə salınar, alətlər yığılar, itilənərdi. Əkin üçün lazım olan toxumlar çeşidlənir, qoşquya qoşulacaq heyvanlara xüsusi qulluq edilərdi. Qısası, qədim insan üçün həyat Boz aydan etibarən başlayırdı. Novruz bayramının müjdəçiləri olan çərşənbələr də, məhz bu dövrə təsadüf edir.

Çərşənbələr Su, Od, Torpaq və Yel (hava) olmaqla sıralanaraq 4 çərşənbəyə bölünür. Çərşənbələrin bu şəkildə adlandırılması belə təsadüfi deyil və özündə insanın yaradıldığı ünsürləri ehtiva edir.

 Folklorlara görə, yazın ilk əlaməti leyləklərin qayıdışıdır. Bu dövrdə havalar bir neçə gün soyuq olur. Buna el arasında "leylək boranı” deyirlər. İnanclara görə, leylək göründüsə, demək yaz gəlib. Azərbaycanda qeyd edilən "Xızr-Zində” (Əbədi Xızr) bayramı da, Boz ayın içindədir. Həm də Boz ayın son həftəsinə "tüstü qaytaran” həftə deyilir. Bu isə həmin müddətdə əsən küləklərin tüstü bacalarından tüstüləri təkrar evin daxilinə qaytarması ilə əlaqəlidir.

Qeyd edək ki, sabah 4 çərşənbədən birincisi – Su çərşənbəsidir. Bayramınız mübarək! 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər