Lap kiçik yaşlarından qaçqınlıq-köçkünlük kimi bir həyatın ağrı-acısını görmüş Ceyhun Rzayevin ürəyində düşmənə qarşı nifrət baş qaldırıb. Elə ona görə də idmanla məşğul olub, intiqam anına hazırlaşıb... O, 30 yanvar 1993-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olmuşdur. 1999-cu ildə Kəlbəcər rayon 65 saylı tam orta məktəbin birinci sinfinə qəbul olunan Ceyhun 9-cu sinfi bitirib, daha təhsilini davam etdirməyib. Müxtəlif yerlərdə işləyib. 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Ordudan tərxis olunub işini davam etdirsə də əsas arzusu torpaqlarımızın işğaldan azad olunması və öz doğma kəndinə qayıtmaq olub. Uzun illər sonra gözlənilən zaman yetişdi. Həqiqi hərbi xidmətdə olanlarla bərabər minlərlə könüllü də döyüşlərə qatıldı. Müharibə başlayan kimi C.Rzayev də könüllü yazılıb. Azərbaycan xalqının igid oğulları ilə birlikdə düşmən təxribatlarının qarşısını alıb, ilanın başını əzdilər. Ceyhun oktyabr ayının 1-də Ağdərə istiqamətində döyüşlərə qatılıb. Sonra Suqovuşan uğrunda qəhrəmanlıqla döyüşüb. Suqovuşanda yaralanıb, müalicəyə göndərilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
İsa Musayev