20.04.2024, 01:42
AZ EN
09.02.2023, 08:50 185

Hərbi ekspert: Ermənistan 31 il əvvəl törətdiyi Xocalı soyqırımını başqa formada davam etdirir

XƏBƏRLƏR
  • Otuz bir il əvvəl işğalçı Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı müdhiş qəddarlığı ilə fərqlənən və insanlıq tarixinə qara hərflə yazılan vəhşilik nümunəsi idi. Ermənistan Azərbaycana qarsı apardığı işğalçı müharibənin gedişində dinc azərbaycanlı əhaliyə bir çox qatı cinayətlər və soyqırımılar törədib. Amma Xocalı soyqırımı törədilən bu cinayətlərin ən dəhşətlisidir.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev söyləyib.

O bildirib ki, Ermənistan 1992-ci ildə siyasi qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın Xocalı rayonunu işğal etməklə digər əraziləri ələ keçirmək və strateji üstünlüyə malik olmaq məqsədini güdürdü. Erməni qəddarlığının arxasında duran əsas niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlüklə yanaşı, həm də azərbaycanlıların müqavimət potensialını zəiflətmək və onların iradəsini qırmaqdan ibarət idi.

Xocalı soyqırımına aparan yoldakı kütləvi qırğınlar barədə danışan Ə.Verdiyev deyib: “Ermənilər bundan əvvəl bənzər soyqırımları Azərbaycanın Ermənistanla həmsərhəd – Qazax rayonun Bağanis Ayrım kəndində, Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı da törətmişdi. Həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib”.

Qeyd olunub ki, Xocalı soyqırımından cəmi bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80-dən çox azərbaycanlı vəhşicəsinə kütləvi qırğına məruz qalıb. Xocalı faciəsində Ermənistan silahlı qüvvələri ilə yanaşı, Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikası yaxından iştirak edib. Bu alay o zaman Xocalının və digər Azərbaycan ərazilərinin atəşə tutulmasında və talanmasında yaxından iştirak edib.

Diqqətə çatdırılıb ki, Xocalının davamı olaraq Vətən müharibəsinin gedişində Bərdə, Gəncə və digər şəhərlərə raket hücumları nəticəsində çoxsaylı insanlar öldürülüb və yaralanıb. Xocalı soyqırımı və ondan sonra törədilən digər cinayətlər, o cümlədən Vətən müharibəsi zamanı əməliyyatlar zonasından 10 kilometrlə uzaqlıqda yerləşən və mülki əhalimizin yaşadığı şəhər, rayon və kəndlərimizə raket zərbələrinin endirilməsi, ərazilərimizin İkinci Qarabağ müharibəsindən sonraki müddətdə də minalanmasının davam etdirilməsi Ermənistanın beynəlxalq hüquqi aktlara məhəl qoymadığının isbatıdır. Başqa sözlə desək, Ermənistan 31 əvvəl törətdiyi Xocalı soyqırımını bu gün başqa formada davam etdirməkdədir. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları təəssüf olsun ki, hələ də layiqli cəzalarına almayıblar.

Hərbi ekspertin sözlərinə görə, Xocalı soyqırımını törətməkdən fəxrlə və həyasızcasına bəhs edən Ermənistanın cəllad rəhbərlərinin cavabını Vətən müharibəsi zamanı Azərbaycan əsgəri layiqincə verdi. Noyabrın 7-də Xocalının üç, noyabrın 9-da isə altı kəndini düşmən işğalından azad edən Ordumuz ən dərin yaramıza məlhəm oldu. Vətən müharibəsində şəhid olmuş şəxslər Xocalıda öldürülmüş dinc insanların qisası arzusu ilə döyüşlərə atılmış və qəhrəmanlıq göstərmişdilər. Lakin hələ də Xocalının rayon mərkəzi, 2 qəsəbə və 41 kəndi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olsa da, həmin Azərbaycan ərazilərində bu gün biz erməni silahlılarını hələ də müşahidə etməkdəyik.

“İnanırıq ki, 2023-cü ildə həm Xocalı qatilləri layiqli cəzalarını alacaq, həm də Azərbaycan xalqı bu şəhərə qayıdacaq. Xocalı qatilləri heç bir halda cəzasız qalmayacaq”, - deyə Ə.Verdiyev vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər