23.12.2024, 18:00
AZ EN
08.02.2023, 10:53 372

Kəskin nişançı

XƏBƏRLƏR
  • Bu gün Vətən uğrunda ömrünü fəda edən oğullardan biri, gizir Ceyhun Natiq oğlu Abbasovun doğum günüdür.

O, 1986-cı il fevralın 8-də Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhəri, Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə alıb. Burada 9 il oxuduqdan sonra, təhsilini öz arzusu ilə Cəmşid Naxçıvanski adına Hərbi liseydə davam etdirmək istəyib lakin məktəbə qəbul edilmədiyindən sənədlərini texniki peşə məktəbinə təqdim edib. Peşə məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra, həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini də uğurla başa vurub və bundan sonra peşəkar hərbçi olmaq arzusunu gerçəkləşdirmək qərarına gəlib.
Beləliklə, hərbi xidmətini bitirdikdən sonra da Vətənə xidmət etməyi seçən Ceyhun müxtəlif bölgələrdə cəbhəyanı ərazilərdə və ön cəbhədə xidmət edib: Beyləqan, Füzuli, Tərtər, Ağdam, Gədəbəy... Son xidmət yeri isə Şəmkir rayonundakı N saylı hərbi hissənin əks-həmlə taboru olub. Təcrübəli hərbçi taborun snayper qrupunun komandiri təyin edilib.

O, snayper silahının sirlərinə daha çox yiyələnmək üçün qardaş Türkiyədə komando kursları keçib, təkmilləşib və xüsusi təyinatlı snayper kimi şöhrət qazanıb. Hərbçi dostları arasında Ceyhun “Kəskin nişançı” kimi tanınıb.

Gizir Ceyhun Abbasov 2016-cı ildə Aprel döyüşlərində şücaətlər göstərərək “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 2020-ci il iyul ayında baş verən Tovuz döyüşlərinin də iştirakçısı olub.

2020-ci il Vətən Müharibəsi başlananda Ceyhun böyük bir həvəslə Azərbaycanın Zəfər yürüşündə yer alıb. Çünki düşməndən torpaqlarımızın geri alınaraq azad edilməsi onun ən böyük arzusu idi. O, bu amal uğrunda bir hərbçi kimi illərdi öz üzərində çalışırdı. Kəlbəcər, Murovdağ uğrunda savaşan gizir qanlı döyüşlərdə bir neçə dəfə yaralansa da, geri dönməyib. O, yaxşı bilirdi ki, indi Vətənin onun kimi mərd oğullara böyük ehtiyacı var. Ona görə də, yaralarını sarıyaraq düşmən üzərinə gedib. C.Abbasov əsl nişançı kimi düşmənə qan uddurub. Bundan əlavə qumbara ilə düşmənin 4 atəş istehkam məntəqəsini partladıb. Qəhrəman gizir 2020-ci sentyabrın 28-də Murovdağ uğrunda gedən ağır döyüşlərdə şəhadətə yüksəlib.
Şəhidimiz böyük bir izdiham və xalq məhəbbəti ilə II Fəxri Xiyabanda dəfn edilib.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycanın igid oğlu, gizir Ceyhun Abbasov Vətən uğrunda şəhadətə ucalanda onun 34 yaşı vardı. Ailəli idi, 2 övladı Vətənə əmanət qalıb.

Vətən uğrunda şəhid olanları unutmur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər