Dərələyəzin Sallı kəndindən olan 95 yaşlı Qulam kişi bildirir ki, kəndləri dəfələrlə deportasiyaya məruz qalıb. Belə ki, Sallı kəndinin sakinləri 1919-cu ildə erməni təcavüzü nəticəsində ata-baba torpaqlarından qovulub və kəndə İran, Suriya və Livandan gələn ermənilər məskunlaşdırılıb. Sonradan kənd sakinlərindən sağ qalanlar öz doğma yurdlarına dönüblər. Sallı kəndinin sakinləri 1948-ci ildə yenidən deportasiyaya məruz qalaraq Azərbaycanın Salyan rayonuna köçürülüb. Əhalinin bir hissəsi Bərdənin İmirli kəndinə gəlib, oradan da bəziləri yenidən ata-baba yurdları olan Sallıya qayıdıblar. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən deportasiya olunub.
Qulam Eyvazov deyir ki, ailəsi 1948-i ildə doğma kəndlərindən köçürülərkən o, hərbi xidmətdə olub: “Mən əsgərlikdə olanda atamdan məktub aldım. Atam yazırdı ki, onları Salyan rayonuna köçürüblər. Həmin vaxt Dərələyəz mahalından Gülüdüzü, Şişqaya, Qalaseri, Ayısəsi, Sallı, Ağkənd, Hors və digər kəndlərdən minlərlə ailə Salyan ərazisinə köçürülmüşdü. Sonrakı məktubda isə atam yazmışdı ki, Salyana yox, Bərdənin İmirli kəndinə gəlim. Çünki Sallıdan olan ailələrin bir qismi Bərdənin İmirli kəndinə gəlmişdi. Hərbi xidmətdən qayıdanda İmirliyə gəldim. Camaat yerdən qazma tikib orada yaşayırdı. Çətinliklərimiz çox oldu. Xüsusən köçürülmə zamanı insanlar çox çətinliklər çəkmişdi. Onlar yük vaqonlarında köçürülmüşdülər, hava şəraitinə uyğunlaşa bilmirdilər. 13 yaşlı qardaşım Məhəmmədəlini də həmin vaxt itirdik. Sonrakı illərdə ev tikdik, kənd təsərrüfatı ilə məşğul olmağa başladıq. Ötən 75 il ərzində doğma kəndimizi bir gün də olsun unutmamışam. Ən böyük istəyim ata-baba yurdumuzu görməkdir”. (AZƏRTAC)