19.09.2024, 04:16
AZ EN
16.01.2023, 10:25 295

Qoşqar kimi vüqarlı

XƏBƏRLƏR

Analar yanar ağlar,

Dərdini sanar ağlar,

Dönər göy göyərçinə,

Yollara qonar ağlar.

Vətən Müharibəsi şəhidi, gizir Qoşqar Qasımovun anası deyir ki, heç kim anaların dərdini, onların nələr çəkdiyini bilməz. Amma bizim bir təsəllimiz var. Qəhrəmanların adları çəkiləndə bizim də balamızın adı deyilir. Mən də oğlumla, dağ vüqarlı Qoşqarımla fəxr edirəm onda. Ən böyük təskinlik isə 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad olunmasıdır. Mənim oğlum da da belə müqəddəs iş uğrunda Şəhid olub. Bax, bizi ölməyə qoymayan, yaşadan da budur, - deyir, şəhid anası...        

Bəli, bu gün doğmalarının qürur duyduğu Vətən müharibəsi qəhrəmanı, gizir şəhid Qoşqar Atakişi oğlu Qasımovun doğum günüdür. O, 1995-ci il yanvarın 16-da Beyləqan rayonunun Aşağı Çəmənli kəndində anadan olub. Orta məktəbi doğma kəndlərində bitirən Qoşqarın hərbçi olmaq ən böyük arzusu idi. Doğma Vətəndə həqiqi hərbi xidmətini ləyaqətlə başa vuran igid əsgər böyük inadkarlıq və əzmkarlıqla öz arzusuna çatır və gizir rütbəsini qazanır.  

Gizir Qoşqar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin  düşməndən azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü olaraq yollanır. Çünki o, bu anı çoxdan gözləyirdi. Q.Qasımov müharibəyə yollandığını  anasına demir. Anası sonradan bilir ki, oğlu Vətən uğrunda qanlı savaşlardadır. Q.Qasımov Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşaraq düşmənin xeyli canlı qüvvəsini məhv edir.

Ordumuzun giziri Qoşqar Qasımov 2020-ci il oktyabrın 24-də Qubadlı döyüşləri zamanı qəhrəmanlıqla şəhid olur. Şəhidimiz böyük izdiham və ehtitramla doğulduğu Beyləqan rayonunun Aşağı Çəmənli kəndində torpağa tapşırılıb.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Qoşqar Vətən uğrunda şəhadətə ucalanda 25 yaşı vardı. İndi onunla nəinki doğmaları, bütün Azərbaycan qürur duyur. Çünki o bir qəhrəmandır!

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər