23.04.2025, 22:21
AZ EN
19.12.2022, 09:00 471

Kəndimizin ilk şəhidi mən olacam!

XƏBƏRLƏR
  • “Orxan müharibəyə könüllü gedib. Vətənin təəssübünü çəkib mənim balam. Bir qrup Şağan uşaqları ilə birlikdə gedib orduya yazıldılar”. Şəhid Orxan Əliyevin anası Seyran xanım deyir ki, oğlum müharibəyə məndən xəbərsiz getdi. Bibisi Orxana deyəndə ki, sənin iki balan var, hələ tələsmə, vaxtı çatanda gedərsən. Deyib, elə demə, mən sizin hamınızı qorumalıyam…

Bu gün Vətən müharibəsi şəhidi Orxan Ədalət oğlu Əliyevin doğum günüdür. O, 1991-ci il dekabrın 19-da Bakıda, Xəzər rayonunun Şağan qəsəbəsində anadan olub. İlk təhsilini 124 nömrəli Şağan tam orta məktəbində alıb. 2010-cu ildə Goranboya hərbi xidmətə yollanıb.

Orxan Əliyev 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Azərbaycan Ordusunun mərd əsgəri   Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. O.Əliyev oktyabrın 16-da Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Şəhidimiz doğulduğu Xəzər rayonunun Şağan qəsəbəsində böyük bir izdiham və ehtiramla dəfn olunub.

Ölümündən sonra Müzəffər Ali baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və “Suqovuşanın azad edilməsi uğrunda" medalları ilə təltif edilib.

Şəhid Orxan Əliyev ailəli idi, Hüseyn və Ədalət adında iki övladı Vətənə yadigar qalıb. İndi şəhidimizin oğulları, bu balaca qəhrəmanlar  deyirlər ki,  biz atamızla fəxr edirik. Çünki Şəhidlər ölməz, Vətən bölünməz!

Bacısı Günel Əliyeva isə hələ də, qardaşını gözlədiyini deyir: “Elə bilirəm qardaşım qayıdacaq. Amma o gedəndə demişdi ki, kəndin ilk şəhidi mən olacam. Siz mənimlə fəxr edəcəksiniz”. Həqiqətən də qəsəbənin ilk şəhidi oldu Orxan. Zəfər tariximizi yazan oğullardan biri kimi nəinki təkcə ailəsi, bütün Azərbaycan onunla fəxr edir.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR