18.12.2024, 21:10
AZ EN
10.04.2022, 07:00 1130

Yeddi şəhid, bir şahid - 25 il əvvəl baş vermiş misilsiz qəhrəmanlıq

XƏBƏRLƏR

Kəşfiyyatçı adını ən ali zirvəyə şərəflə daşıyan səkkiz nəfərdən ibarət xüsusi təyinatlı qrupun cəsur döyüşçülərindən bəhs edəcəyik. Onların qəhrəmanlığı C.Naxçıvanski adına Hərbi Liseyin dərsliklərinə salınıb və müstəqil Azərbaycanın hər bir gənci üçün örnəkdir.

Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən hərbi hissəsinin komandanlığı  tərəfindən 1997-ci il aprelin 7-də xüsusi təyinatlı 2 kəşfiyyat qrupu xüsusi tapşırıqları yerinə yetirmək düşmən arxasına göndərilir.  Təmas xəttindən 40-50  kilometr qabağa irəliləyən kəşfiyyatçılar döyüş tapşırığını yerinə yetirirlər. Tapşırıq Ermənistan ordusunun Azərbaycan torpaqlarında dislokasiya yerlərinin müəyyənləşdirilməsi, düşmənin canlı qüvvəsi, döyüş texnikaları haqqında məlumatların əldə olunması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətin öyrənilməsindən ibarət idi.

Birinci qrup döyüş tapşırığını yerinə yetirib itkisiz geri qayıdır, lakin leytenant Elxan Ağayevin komandirlik etdiyi qrup əməliyyatı icra edib geri qayıdarkən ermənilərin mühasirəsinə düşür. Üç gün ərzində qeyri-bərabər döyüşdə ermənilərin xeyli canlı qüvvəsini məhv edən kəşfiyyatçılarımızdan yeddisi  mühasirədən çıxmağın mümkünsüz olduğunu, əsir düşmək təhlükəsinin yaxınlaşdığını görür və özlərini qəhramanlıqla şəhid olurlar. Bundan bir qədər əvvəl düşmən gülləsinə tuş gələn çavuş Aqil Əhmədov isə ağır yaralı və huşsuz vəziyyətdə ermənilərə əsir düşür. Şəhidlərimizin nəşi altı aydan sonra Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycana gətirilir və Bakıda ikinci Fəxri Xiyabanda dəfn olunur. Əsir düşən Aqil Əhmədov isə iyirmi üç ay erməni əsirliyində qalır. Çox ağır işgəncələr görən, on bir ay ölüm hökmü altında qalan kəşfiyyatçımız ulu öndər Heydər Əliyevin səyləri nəticəsində vətənə qaytarılır. Şəhid olan kəşfiyyatçıçılar Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1998-ci ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilirlər.

...Xüsusi təyinatlı kəşfiyyat qrupunun sağ qalan yeganə şahidi Aqil Əhmədov döyüş yoldaşlarının  adını daim uca tutmaq, onların xatirəsini ən ali səviyyədə yaşatmaq, xalqımızın bu unudulmaz qəhrəman fədailərini tanıtmaq üçün keçən 25 il ərzində əsl döyüşçü qeyrəti və qətiyyətilə çalışıb. O, silahdaşları ilə keçdiyi döyüş yolundan həmişə cətinliklə və dərin ürək ağrısı ilə danışsa da, onlarla olan xatirələrini bölüşməyi özünə böyük şərəf bilir.

Cəsur kəşfiyyatçılar haqqında müxtəlif sənədli filmlər, reportajlar çəkilib, kitablar yazılıb. Yeddi şəhidin tək canlı şahidi Aqil Əhmədov, hərbi hissə komandıri polkovnik Xətai Baxışov, onların ailə üzvləri və yaxınlarından dəfələrlə müsahibələr veriblər.     

Onlar Azərbaycanın ərazi bütovlüyü, milli qürurumuzun bərpası, bu gün səfalı  Qarabağın hər guşəsində vüqarla dalğalanan üçrəngli bayrağımız, şəhidlərin qisasını almaq uğrunda həlak oldular. Səkkiz igid kəşfiyyatçının və bütün vətən uğrunda canlarından keçən şəhidlərimizin arzusunu iyirmi üç il sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində gerçəkləşdirərək onların qısasını aldı, torpaqlarımız düşmən tapdağından azad edildi.

Böyük Qələbədən sonra döyüş yoldaşlarının şəhid olduğu yeri taparaq oraya gedən, yeddi şəhid kəşfiyyatçının xatirəsini qürurla və layiqli şəkildə yaşadan Aqil Əhmədov artıq fəxarətlə və qürur hissi ilə onlara səslənə bilir: "Sizin uğrunda canınızı verdiyiniz, büründüyünüz üçrəngli Zəfər bayrağı artıq Qarabağın hər tərəfində qürurla dalğalanır, ruhunuz sad olsun, qardaşlarım". Onu da kəşfiyyatçılarımız Füzuli rayonunun Yuxarı Küzdək kəndində şəhid olublar.

Qəhrəman kəşfiyyatçılarımızı heç vaxt unutmamalı və unutdurmamalıyıq:

Leytenant Elxan Ağayev

Leytenant Vüqar Yərəhmədov

Çavuş Anar Rzayev

Çavuş Dinar Mustafayev

Çavuş Aqşin Həsənov

Çavuş Nizami Ələkbərov

Çavuş Fariz Cavadov

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Famil HƏZİ,

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin əməkdaşı

Oxşar xəbərlər