Ordumuzun əsgəri Akif Novruzov müharibə başlayanda 6 ayın əsgəri imiş. O, aşbaz idi. Buna görə də, Vətən müharibəsi başlayanda özünə yer tapa bilmir. Çünki Akif də döyşmək istəyirdi: “Mənim 14-15 yaşım olardı. Onda Milli Qəhrəman Çingiz Mustafayevin Xocalıda vəhşiliklə öldürülən uşaqları qucağına alaraq ağlaması mənə çox təsir eləmişdi. Elə bu yaşda hərbi xidmətə getmək istəyirdim. Ancaq buna icazə yox idi. Mən o vaxtdan qisas hissiylə yaşayırdım”.
Akif hərbi xidmətə Goranboyda başlamışdı. Aşbaz olduğu üçün müharibənin ilk günündə o cəbhəyə gedə bilmir. Getsə də, onun vəzifəsi başqadır deyə, bununla razılaşmır, özünə yer tapmırdı. Səhəri dirigözlü açan əsgər oktyabrın 28-də təkbaşına ön cəbhəyə yollanır. Komandirə deyir ki, mən vuruşmaq istəyirəm, vicdanım rahat olmur, xahiş edirəm məruzə edin ki, mən qaçmamışam. Komandiri onun sözlərindən təsirlənir və mərd əsgər döyüşlərə qatılır. Akif deyir ki, biz birinci Murovdağa getdik. Hamımız çox həvəsli idik, düməni qırmaq üçün hazır dayanmışdıq. Bizə yaxşı təlim keçmişdilər. Sonra biz Suqovuşana getdik. Biz ora çatanda artıq bir günün içində bəzi postlar alınmışdı. Ələ keçirilən erməni tanklarını gördüm. Hamımız sevinirdik. Valideynlərim də elə bilirdi ki, mən arxadayam. Telefonda danışanda səsi eşitməsinlər deyə yüz fənd işlədirdim. Atam da 1-ci Qarabağ müharibəsində şəhid olub, o minaya düşmüşdü...
Bizim maşın yolda nasazladı, düşmən bizə pusqu qurmuşdu. Bizdən əvvəlkilər şəhid oldu. Biz başqa maşına keçdik. Yanımda yoldaşım başından vuruldu. Mən də istədim ona kömək edim. Arxadan qumbara atıldı, huşumu itirdim. Həmin anda sanki zirvədəydim. Atamın şəkli gəldi gözümün önünə. Elə bil məni çağırdı, oyandım. Huşum bir az özünə gəldi və düşündüm ki, buradan çıxmaq şansım yoxdur. Amma onu da bilirdik ki, erməni çox qorxaqdı, qumbaranı atıb qaçmışdılar. Onlar bilirdilər ki, torpaq bizimdi...
Bir də baxdım qəlpə qolumu sındırıb. Sümüklər sınıb və qolum qatlanıb. Silahı götürdüm qalxmaq istədim, amma qalxa bilmədim. Silahı boğazıma dirədim ki, düşmən gəlsə özümü öldürüm, təki hərbi sirrimiz açılmasın. Sonra qışqırdım ki, kömək edin. Məndən başqa da, həm də daha ağır olan yaralılar vardı, onlara baxmaq belə mümkün deyildi... Şəhidlərimiz də çox idi. Məni yaralılarla apardılar. Yolda çoxlu adam vardı, kimsə məni qucağına aldı. Naftalana gətirdilər. İlk tibbi yardımdan sonra Yevlax şəhərinə apardılar.
Akif deyir ki, heyif ki, tez yaralandım, yoxsa 44 günün hamısında döyüşmək istərdim. Amma çox şükür ki, qələbə çaldıq, Zəfər qazandıq. Bunadan böyük sevinc ola bilməz.
İgid əsgərimiz, qazi Akif Novruzov bunları Qafqaz televizyasına danışdıqca gözlərindən yaş axırdı. Amma üz-gözünü bürüyən işıq onun çox qürurlu olduğunu göstərirdi...
Mina RƏŞİD