Doğma sakinlərinin də, söylədikləri kimi, Zabux kəndinin özünəməxsus gözəlliyi olub. Kəndi iki yerə ayıran dupduru Zabux çayı, böyük çinar ağacı, məşhur dəyirman buranın şöhrətini ətrafa yayıb. Kəndin ərazisi çox böyük olmasa da, burada yüzdən çox ev tikilib. Laçın-Naxçıvan-Gorus yolu kəndin içindən keçirmiş. İndi həmin o gözəl kənddən geriyə sanki bir xarabalıq qalıb. Hər tərəfdə dağıdılmış evlər, kəsilmiş ağac kötükləri, kol-kos basmış yollar, cığırlar...
Kənd sakini Kamil İsmayılov evindən 43 yaşında ayrılıb. İndi ahıl çağında, 74 yaşında geri qayıdıb. O min bir xatirəsi olan uçuq evindən danışır. Evinin sınıq-sökük pəncərəsində quşlar yuva qurub. Deyir ki, evində təmir işləri yarımçıq qalmışdı... Kamil kişi buradan ayrılanda özüylə divan üstünü də götürübmüş, indi həmin əşyanı bayraq kimi evinin qapısından asıb: “Bu mənim tikdiyim evə bənzəmir”, deyə Zabux sakini kövrəlir... “43 yaşımdan bəri ilk dəfədir ki, Zabuxdayam. Ali Baş Komandanımıza Allah can cağlığı versin, onun dəmir yumruğuna qurban olum. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah birliyimizi daha da möhkəm eləsin. Dövlətimiz yenə tikib quracaq, Zabuxun qonaqlı-qaralı gözəl günləri başlayacaq. Köçkünlük həyatı bizə dözümlü olmağı öyrətdi. Amma əziyyətlə tikdiyin evin, doğmalarının qəbrinin düşmən əlində qalmasına dözmək olmurdu”...
Zabux kənd sakini Əlövsət Aslanov: “Bir gecəni burada qalıb səhər durub o havanı, çayın şehini udmaq mənim üçün dünyalara dəyər”, - deyib, kövrəlir... “Bəlkə də, bundan o tərəfə xoşbəxtlik yoxdu, Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Cənab Ali Baş Komandanımıza Allah ömür versin. Biz onların sayəsində gəldik qovuşduq evimizə, obamıza, torpağımıza”...
Zabux sakini Əlif Aslanov: “Bu yolun sağı da, solu da yaşayış evləridi, 25 yaşında tikdiyim evdə 7 il yaşamışam. 32 yaşımda evimdən ayrılıb indi 63 yaşında qayıtmışam. Deməli, ömrümün yarısını mənasız yaşamışam”, - deyib, evinin daşlarına üzünü söykəyir və için-için ağlayır... Ə.Aslanovun evi ikimərtəbəli imiş, üst mərtəbə hazır deyilmiş. O, indi doğma evindən qızına görüntülü zəng edir. Deyir, bax, bura anan çörək bişirdiyi yerdi, bura tövlədi, evdə təkcə ananın pərdələri asdığı karnizlər qalıb. İndi sənin barmağına xına qoyduğun daşı da göstərəcəm... Əlini ağ daşa sürtür, daş göyərir və onun barmaqlarına xına qoyur... Deyir, bu qoz ağaclarını əllərimlə əkmişəm. Qoz sındırır. Evlərindən 5 yaşında ayrılan qızı atasından həyətlərinin meyvəsindən və xınalı Zabux daşı istəyir... Əlif kişi evindən ayrılanda böyük qızı 5 yaşında, kiçiyi isə 10 aylıq imiş... “Ermənilər təbiətimizə də çox ziyan vurublar. İndi biz onların basdırdığı minaların yerində uzun ömürlü ağaclar əkəcəyik, dağıtdıqları evlərin əvəzinə əvəlkindən də, yaraşıqlı evlər tikəcəyik”.
Zabux sakini doğru deyir, 2013-cü ildə erməni lobbisinin dəstəyi ilə Zabuxda tikilən evlər söküləcək və daşı xınalı kəndimizdə yeni, müasir, gözoxşayan evlər tikiləcək.
Hazırladı: Mina RƏŞİD