01.07.2025, 12:56
AZ EN
15.11.2022, 12:35 493

Şəhadətinə gülümsəyən leytenant

XƏBƏRLƏR
  • Bu gün şəhid leytenant Orucov Nemət Əkbər oğlunun doğum günüdür.

O, 1994-cü il noyabrın 15-də Goranboy rayonunun Qaraçinar kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alan Nemət əlaçı şagird olmaqla yanaşı həm də davranışı ilə yaşıdlarına bir nümunə idi. O,  2012-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Ekologiya mühəndisliyi” fakültəsinə qəbul olunub. 2016-ci ildə ali məktəbi bitirib və həmin ilin iyun ayında hərbi xidmətə yollanıb. 2017-ci ildə xidmətini kəşfiyyatçı kimi başa vurub. 2018-ci ildə müddətdən artıq hərbi xidmətə yollanıb. Sərrast atıcı olan Nemət leytenant kimi Vətənə xidmət edib. Beyləqan və Ağcabədi rayonlarında post komandiri vəzifəsində çalışıb.
Nemətin ailəsi Kəlbəcər rayonundan məcburi köçkündür. Onda hərbçi olmaq istəyi də valideynlərinin dediyinə görə, elə bundan qaynaqlanıb.  Nemətin ən böyük arzusu Qarabağ torpaqlarını azad edərək, erməni təcavüzkarlarından qisas almaq olub. Leytenant N.Orucov xidmət müddətində qazandığı nailiyyətlərinə görə bir çox fəxri fərmana layiq görülüb. 2018-ci il noyabrın 17-də də Azərbaycan Ordusunda "Ən yaxşı motoatıcı bölük" adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə edib. Onun üçün Vətəni təmənnasız sevən və uğrunda canını fəda edən Milli Qəhrəman Mübariz İbrahimov bir nümunə idi. Buna görə də, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmağı Nemət böyük bir şərəf sanırdı.
Azərbaycan Ordusunun leytenantı Nemət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək düşmənin iki postunun darmadağın edilməsində müstəsna xidmət göstərib. Elə bu qızgın döyüşlər zamanı da ağır yaralanıb. Döyüş yoldaşları ona yaxınlaşanda gülümsəyib və əli ilə işarə edərək onlara bu sözləri söyləyib: “Gəlməyin, mən şəhadətə qovuşuram”.
Beləliklə, igid döyüşçü N.Orucov 27 sentyabr 2022-ci ildə Vətən uğrunda şəhadətə yüksəlib. 28 sentyabrda müqəddəs şəhidimiz böyük bir izdiham və el məhəbbəti ilə son mənzilə yola salınıb. Məzarı Goranboy rayonundakı Zeyvə kənd qəbirstanlığındadır.
Ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, "Xocavəndin azad olunmasına görə" medalları və “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni ilə təltif edilib.

Nemət cəmi 25 il ömür yaşadı. Amma bu qısa ömründə tarix yazmağı bacardı, özü də ən müqəddəs amal – Vətən uğrunda savaşaraq Zəfər tariximizin şanlı səhifələrinə qanıyla adını əbədi olaraq həkk elədi.

Doğum günün mübarək, ruhun şad olsun, cənab leytenant!

Mina RƏŞİD

Oxşar xəbərlər