Əliş Nəbiyev bildirib: "Hərbi xidmətdən gəldikdən bir müddətdən sonra, yəni 2018-ci ilin yanvarında yenidən ordu sıralarına qayıtdım. Kəşfiyyatçı snayper kimi xidmət edirdim. Vətən müharibəsi dövründə sentyabrın 27-dən oktyabrın 2-dək ərazi bütövlüyümüz uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etdim. Arzum qalib olmaq, Şuşaya qədər gedib çıxmaq və şəhid olmaq idi. Təəssüf ki, oktyabrın 2-də Suqovuşanda yaxınlığıma mərmi düşməsi nəticəsində ayağımdan ağır xəsarət aldım. Nəticədə döyüşə davam edə bilmədim. Məni yaralarım deyil, silahdaşlarımdan, döyüş meydanlarından ayrı qalmaq incidirdi. Ürəyim silahdaşlarımın yanında qalmışdı. Cəbhədən gələn xəbərlər yaralarımı unutdururdu. Qəhrəman döyüşçülərimiz hər bir çətinliyi, istehkamları dəf edərək irəliləyirdi. 44-cü günün sonunda düşmən ordumuz qarşısında tab gətirə bilməyərək ağ bayraq qaldırdı. Biz tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyümüzü bərpa etdik”.
Qazinin sözlərinə görə, döyüşlər zamanı düşmənin əl atdığı alçaq üsullar, namərdcəsinə mülki vətəndaşları, uşaqları hədəf alması, ordudakı fərariliyi gizlətmək üçün kənardan gətirdiyi muzdlu döyüşçü və terrorçular - bunların heç birinin Azərbaycan əsgərini dayandırmağa gücü yetmədi, əksinə daha da ağır zərbə vurmağımızla nəticələndi: "Özlərini məğlubedilməz sananlar ordumuz qarşısında nəinki məğlub oldular, deyərdim ki, sındılar. Çünki Azərbaycan Ordusunun əsgərindən zabitinədək hər bir döyüşçüsü ruh yüksəkliyi ilə irəli atılırdı. Biz arxa cəbhədən də güclü dəstək alırdıq. Xalqımız bizə o qədər inanır və dəstək olurdu ki, o inamı heçə çıxara bilməzdik. Ordumuz düşməndən hərtərəfli üstün idi. Həm texnika, həm də peşəkarlıq cəhətdən düşmən bizdən geridə qalırdı. Ən əsası öz torpağımızda döyüşürdük. Neçə illərdir xilas olmağı gözləyən doğma torpaqlarımızın havası, daşı, çınqılı, qumu, ağacı, kolu da sanki bizə əlavə güc verirdi. Görünən o idi ki, biz bir işarəyə bənd idik. Ali Baş Komandan "irəli" əmri verən kimi necə irəli atıldıqsa, düşmən törətdiyi təxribatlara, başımıza gətirdiklərinə görə peşman oldu. Hər gün dayanmadan irəlilədik və 44 gün ərzində Şuşaya çatdıq. Ən böyük arzum torpaqlarımızın azad olunması idi ki, o da yerinə yetdi. Lakin iki arzum ürəyimdə qaldı, demək ki, qismət deyilmiş. Əsas odur ki, biz öz doğma torpaqlarımıza qovuşduq. Fəxr edirəm ki, qalib ordunun əsgəriyəm. Ərazi bütövlüyümüzün bərpası naminə canından keçən qəhrəman qardaşlarıma Allahdan rəhmət, qazilərə şəfa diləyirəm".
Əliş Nəbiyev şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan razılığını bildirib, həssas təbəqə ilə bağlı həyata keçirilən sosial dəstək tədbirlərindən məmnunluğunu ifadə edib.
"YAŞAT" Fondu da bizdən dəstəyini əsirgəmir. Mənə məişət şəraitinin yaxşılaşdırılması məqsədilə maliyyə dəstəyi göstərdilər. Buna görə Fonda və şəhid ailələrini, qaziləri düşünərək ianə edənlərə minnətdarlığımı bildirirəm", - deyə Ə.Nəbiyev qeyd edib. (AZƏRTAC)