Bunu açıqlamasında “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu deyib.
“Orada tanıdığım insanlar var idi. Bir müddət könüllü müəllim də işləmişdim. Tanıdığım insanların çoxu şəhid oldular. Belə bir vəziyyətdə insan hansı hissləri keçirə bilər? Çox çətin idi. “Səhər” qəzetinin bölgə müxbiri kimi fevralın 26-sı axşam Bakıya məlumat verdim. Verdiyim xəbərə inanmadılar. İnanmadılar ki, bu qədər insan həlak ola bilər. Sonradan həqiqət üzə çıxdı. Ən dəhşətlisi isə o idi ki, dinc əhaliyə aman verilməmişdi. Bu hadisələr mənim jurnalist həyatımda dərin iz buraxdı. Bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Bir neçə jurnalistlə birlikdə Aranzəmin-Pircamal deyilən əraziyə getmişdik. Həmin istiqamətdə hərəkət edərkən güllələr atılırdı, həyatımız təhlükə altında idi. Biz ehtiyatla irəliləyirdik. Yanımızda olan bir ingilis reportyor daha çox kadr çəkməyə çalışırdı. Mən isə çalışırdım ki, insanları xilas edim. Azərbaycan vətəndaşı olaraq düşünürdüm ki, heç olmasa iki nəfəri belə xilas etmək mümkündürsə, buna çalışmaq lazımdır. Onun üçün isə əsas olan hadisənin kadrlarını əldə etmək idi. Biz o dəhşətlərin şahidi olmuşuq”, - deyə o vurğulayıb.
Şamil Sabiroğlu qeyd edib ki, o dövrdə bu hadisələrin mediada işıqlandırılmasında fəal iştirak edib: “Xocalı soyqırımının tanıdılması üçün əlimdən gələni əsirgəməmişəm. Şükürlər olsun ki, torpaqlarımız düşmən tapdağından azad edilib. Allah dövlətimizi, Ali Baş Komandanımızı, xalqımızı və şanlı Ordumuzu qorusun. Biz bu Qələbənin qədrini bilməliyik. Xocalı ilə bağlı film də çəkilib və bu gün təqdimatı keçirilib. Film işğal nəticəsində həm soyqırımına məruz qalmış, həm də şəhid vermiş bir ailənin taleyindən bəhs edir”. (AZƏRTAC)