19.09.2024, 19:59
AZ EN
03.11.2022, 14:44 507

Asif Kərimovun anım günüdür

XƏBƏRLƏR

Bu gün şəhid leytenant Asif Kərimovun anım günüdür. O, 1989-cu il mart ayının 25-də Cəlilabad rayonunun Ləzran kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb. O, təhsili ilə yanaşı hərbi rütbəyə də sahib olub. Zabit A.Kərimov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında Vətənə xidmət edib. General Polad Həşimov onun komandiri olub. 2020-ci ilin iyul ayında düşmən təxribatının qarşısını alarkən şəhid olmuş P.Həşimovun ölümü onu sarsıdır. Doğmaları deyir ki, səbirsizliklə Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirdi ki,  

Polad kimi igid oğulların heyifini düşməndən alsın və torpaqlarımız azad edilsin. Elə buna görə də o, bir zabit kimi Azərbaycanın 2020-ci ilin sentyabr ayının 27-də başladığı Zəfər yürüşünə könüllü olaraq qatıldı. O, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa istiqamətində gedən döyüşlərdə mərdliklə savaşdı. 2020-ci ilin noyabr ayının 3-ü onun son döyüşü oldu. Leytenat Asif Məmməd oğlu Kərimov Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid oldu. Doğma Cəlilabad rayonunda böyük el məhəbbəti ilə dəfn olundu.

Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi. Qızı Gülay və oğlu Yusif Vətənə əmanət qaldı.

Fateh Kərimov qardaşı ilə bağlı xatirələrində söyləyir ki, Asif Vətən uğrunda şəhid olmağa çoxdan hazır idi. O, bir zabit kimi müharibəni  gözləyirdi. Asif həm də komandiri general Polad Həşimovun heyifini düşməndən almağa getmişdi. Qardaşımın və bütün şəhidlərimizin ruhu şad olsun.

Anası Nəzakət Kərimova: “Asif vətənpərvər, qürurlu idi, deyirdi nə vaxt Ali Baş Komandanımız əmr versə mən hazıram. Mən də anayam axı, narahat olurdum... Axırıncı dəfə telefonla danışanda dedi ki, ana, əgər mənə nəsə olsa, başını dik tut. Onun komandiri Polad Həşimov idi. Daşkəsəndə xidmət eləmişdi. O vaxt Poladın şəhid olması ona çox təsir elədi. Asifi saxlamaq olmazdı”. Asif Kərimovun şəhid olmasından sonra onunla birgə döyüşən əsgər onlara gəlir və deyir ki, o, döyüş zamanı hamıdan öndə gedirdi, onda qorxu hissi yox idi...

Həyat yoldaşı Arzu Kərimovanın da xatirələri çox kövrəkdi. Deyir ki, Asif onun üçün təkcə həyat yoldaşı deyildi, həm də dostu, sirdaşı idi... “Onun yoxluğuna alışmaq çox çətindi, vaxt ötür, günlər keçir, amma biz Asiflə noyabrın 3-də qaldıq. Bizim üçün hər gün eynidir. Sonuncu gün idi, səhərə qədər ağladım, çox qorxurdum, narahat idim ona görə. Mən Vətənim üçün gedirəm, dedi. Bizim iki övladımız var. Sən güclü olmalısan. Mənim ruhum onunla gedib, cismim qalıb. Uşaqlara, onun əmanətlərinə gözüm kimi baxacam. Asifin istədiyi kimi”.

Ruhu şad olsun!

 

Mina RƏŞİD    

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR