Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Azad Elşad oğlu Kərimlinin doğum günüdür. O, 1997-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olub. Azad doğma kənddə orta məktəbi birtirib. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlayanda Azad Kərimli də səfərbər olub. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Azad Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü manqa atıcısı kimi iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Azad Kərimli Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı oktyabrın 14-də qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Göyçayda, dünyaya göz açdığı kənddə böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azad Kərimli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD