O, 2000-ci ildə anadan olub. Gəncə şəhərində 31 saylı tam orta məktəbində oxuyub. 2016-2020-ci illərdə Bakı Dövlət Universitetində SABAH qrupları Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsili alıb. 2020-2022-ci illərdə isə Mədəniyyət və İncəsənət Universitetində “Gənclərlə sosial iş” ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.
Hər iki ali təhsil müəssisəsini həm bakalavr, həm də magistratura pillələrini fərqlənmə diploma ilə bitirib. Təhsil aldığı və bundan sonrakı dövrlərdə müxtəlif təcrübə və könüllü fəaliyyətlərdə iştirak edib.
Sonra Böyük Qayıdış gənclər təşkilatında əvvəlcə təlimlər üzrə menecer, daha sonra layihə meneceri, ardınca isə proqram meneceri vəzifələrində çalışıb. Bir müddət Qayıdış Könüllüləri Gənclər Proqramının proqram koordinatoru olub. Hazırda “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvüdür.
Lamiyə Məmmədova aldığı mükafatın sevincini AzEdu.az saytına danışıb. O, bildirib ki, Qarabağ Universiteti fəaliyyətə başladığı ildən etibarən bu ali təhsil müəssisəsində Tələbələrlə iş mərkəzində böyük mütəxəssis kimi fəaliyyət göstərirəm. Eyni zamanda sosiologiya ixtisası üzrə dərs deyirəm və hazırda Tələbələrlə iş üzrə bölmədə mütəxəssis kimi çalışıram:
“İlk anda açığı, şokda idim. Sanki yuxuda idim ard-arda təbrik mesajları gəlməyə başladı. Hər kəs təbrik edirdi və bu, doğrudan da bir gənc üçün, xüsusilə Qarabağda çalışan və fəaliyyət göstərən bir gənc üçün çox böyük sevincdir. Bu, çox arzuladığım, istədiyim və həyəcanla gözlədiyim bir an idi. Bu mükafatı məhz Qarabağ Universitetinin əməkdaşı kimi almaq isə mənim üçün ikiqat qürurvericidir. Təsəvvür edin ki, hazırda Xankəndindəyəm və belə bir xəbəri eşidirəm bu, həqiqətən böyük fəxrdir”.
Lamiyə xanımın gənclərə arzusu budur ki, istəklərini və məqsədlərini yalnız şəxsi uğur üzərində deyil, həm də vətənə, millətə və xalqa fayda vermək prinsipi üzərində qursunlar. İnsan sevdiyi və inandığı bir sahədə çalışanda, həmin sahəyə daha çox töhfə verə bilir, daha geniş baxış bucağı qazanır. İnanıram ki, bu töhfə və zəhmət gec-tez layiqincə dəyərini tapır və geri qayıdır...
Hazırladı: Mina RƏŞİD