Torpaqlarımızın düşməndən azad edilməsi uğrunda canından keçmiş igid oğullarımızdan biri də şanlı Vətən müharibəsinin qəhrəman şəhidi Mətləb Zülfüqar oğlu Əkbərovdur. Bu gün şəhidimizin doğum günüdür. Mətləb 21 yanvar 2001-ci ildə Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açıb. 2007-2018-ci illərdə kənddəki şəhid Vüqar Qasımov adına tam orta məktəbində təhsil alıb. 24 yanvar 2019-cu ildə hərbi xidmətə yollanıb. Vətənə layiqli xidmətinə görə tərifnamə ilə təltif olunub. 2020-ci ilin iyul ayında hərbi xidmətini başa vurub. Daha sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən Vətənə xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri Mətləb Əkbərov Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Ordumuzun igid əsgəri Mətləb Əkbərov 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən qanlı döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Mətləb Əkbərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Mətləb balamız!
Mina RƏŞİD