17.01.2026, 21:59
AZ EN
08.01.2026, 10:31 241

Bu gün şəhid Qalası Kərimlinin doğum günüdür

XƏBƏRLƏR
  • Qalası anasını tez itirib. Müharibəyə gedəndə atasına deyib ki, şəhid olsam məni anamın ayağının altında dəfn edin. Qalası yaşının az olmasına baxmayaraq döyüşlərdə mərdliklə vuruşub. Xocavəndin Tuğ kəndi, Hadrut qəsəbəsi və Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şücaətlər göstərib. Qalası noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin mübarək nəşi müharibədən 5 ay sonra tapılaraq ailəsinə təhvil verilib. Qalasının öz arzusu ilə o anasının yanında torpağa tapşırılıb. İndi onun yaşadığı küçə igid oğlumuzun adını daşıyır. Şəhidimizin adına bulaq kompleksi də inşa edilib...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Qalası Müslüm oğlu Kərimlinin doğum günüdür. O, 2000-ci il, yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub. 2006-2017-ci illərdə Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində təhsil alıb.
Qalası Kərimli 2018-ci ildə hərbi xidmətə çağırılıb. Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2019-cu ilin iyul ayında hərbi xidmətini başa vurub.

Azərbaycan Ordusunun əsgəri olan Qalası Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. O, Füzuli, Zəngilan, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Xocavənd rayonunun Tuğ kəndində və Hadrut qəsəbəsində keçirilən əməliyyatlarda xüsusilə fərqlənib.

 Qalası Kərimli 2 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndində  döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Onun nəşi 5 ay sonra tapılaraq dogma kəndlərində torpağa tapşırılıb.

Qalası Kərimli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “İgidliyə görə”, "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Qalası balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər