Rəşad Qasımlı 2009-cu ildən 2013-cü ilə qədər Azərbaycan Ali Hərbi Məktəbində təyyarəçi ixtisası üzrə təhsil alıb və uçuş mühəndisliyi üzrə məzun olub. 2013-cü ildən peşəkar uçuşlara başlayıb. Bir neçə il L-39 təyyarəsində təlim uçuşlarını bitirdikdən sonra 2016-cı ildə SU-25 təyyarələri ilə uçuşlara başlayıb. O, çoxsaylı beynəlxalq təlimlərin iştirakçısı olub. Türkiyədə, Qazaxıstanda və ABŞ-da kurslarda iştirak edib.
Qəhrəman pilot həm 44 günlük Vətən müharibəsində, həm də antiterror əməliyyatlarında yüksək peşəkarlıq göstərərək düşmənin hərbi hədəflərini məhv edib. O, Vətən müharibəsində iştirakı, döyüşlərə hazırlıq və Şanlı Zəfərimizdən qürurla “Belə-belə işlər” YouTube kanalına danışıb.
Həmin gözlədiyimiz qürurlu, şərəfli gün gəlib çatdı
Qəhrəman pilot danışır ki, düşmən uzun sürən atəşkəsdən sonra 2016-cı ildə təxribta əl atdı və Aprel döyüşləri başladı. Azərbaycan ordusunda hərbi hava qüvvələri də bu əməliyyatlarda iştirk etdi. Bu qısa müddətdə biz düşməni daha yaxndan tanıdıq. Sonra 2020-ci ildə iyul ayında düşmən yenidən təxribata başladı. Burada da hava qüvvələrimiz bəzi əməliyyatları icra etdi. Generalımız Polad Həşimovun şəhid olması bütün xalqı ayağa qaldırdı və torpaqlarımızın qısa zamanda azad edilməsi tələbini ortaya qoydu. Ölkə başçımız, hərbi komandanımız da bu şəraiti yaratdı. Həmin gözlədiyimiz qürurlu, şərəfli gün gəlib çatdı. Müharibə başlayan kimi Aviasiya vasitələri tez bir zamanda döyüşə hazır vəziyyətə gətirildi. Pilot deyir ki, bu günə çoxdan hazırlaşmışdıq. Real atışlarımız olmuşdu. Amma bu fərqliydi. Həmişə ətrafında uçduğumuz, amma üzərindən uca bilmədiyimiz ərazilərimizə daxil olurduq. Bir vaxt həsrətlə baxdığımız Qarabağa daxil olmaq çox qürurverici idi...
“Mənim ilk döyüş uçuşum Kəlbəcər istiqamətində oldu. Kəlbəcər, Suqovuşan, Xocavənd, Füzuli, Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Düşmənə məxsus bütün növ informasiya bizə əvvəlcədən məlum idi. Biz kifayət qədər kəşfiyyat məlumatlarını əldə etmişdik. Biz SU-25 təyyarəsinin standart taktikasından istifadə etməklə ordumuza effektiv dəstəyi göstərə bilməyəcəkdik. Çünki Su-25 təyyarəsinin icazə verilən uçuş hündülüyü 7 min metrə qədər məhdudlanır. Ancaq biz buna baxmayaraq 8 min, 9 min, hətta 10 min metr hündürlüklərdə döyüş tapşırığını icra etdik. Düşmən şokda idi, bizim bu taktikadan istifadə edəcəyimizi gözləmirdi. Onlar buna hazır deyildilər. Elə düşünürdülər ki, bu Su-25 deyil, Türkiyəyə məxsus F-16 təyyarələridir”.
Müharibənin ilk günündən üstünlük bizdə idi
Qeyd edək ki, 7 min metrdən yuxarı qalxan pilot üçün bu uçuş ziyan idi, çünki yuxarıda təzyiq çox olur, xüsusilə insanın qulaqlarında problem yaradır. Yəni, sıradan bir insan buna dözməz. Ancaq bizim Rəşad Qasımlı kimi qəhrəman pilotlarımız canından keçərək təyin olunmuş düşmən hədəflərini yüksək dəqiqliklə məhv etdilər. Rəşad Qasımlı bildirir ki, SU-25 yeganə pilotlu uçuş aparatıdır ki, biz onunla 10 kilometrlərlə cəbhə xəttindən içəri keçirdik: “ Yadımdadı, müharibənin son günlərinə doğru gedirdik. Sərsəng istiqamətinə qədər mən kifayət qədər, hardasa 20-25 kilometr düşmənin nəzarət etdiyi ərazidən içəri daxil olaraq tapşırığı yerinə yetirdim. Biz bir neçə taktikadan istifadə etməklə müəyyən aldadıcı manevrlər icra edirdik. Hərb tarixində bu bir ilk idi. İndi xarici ölkələrdə də bizim taktikanı araşdırırlar... Tapşırıq düşmənin hava hücumundan müdafiə vasitələrinin radarlarını çaşdırmaq, susdurmaq idi. Müharibənin elə ilk günündə Bayraktar TB-2 pilotsuz uçuş aparatı ilə üstünlüyü əldə etmişdik. Əlimizdə olan Aviasiya məhvetmə vasitələri çox dəqiq idi, biz bir hədəfə birdən çox istənilən sayda zərbə endirə bilirdik.
Xocavənd istiqamətində düşmənə məxsus yeraltı komanda məntəqəsi vardı. Biz onu lazer başlıqlı bombalarla məhv etdik. Birinci zərbədən sonra sağ qalmış düşmən heyəti əlləri ilə yeri qazırdılar ki, sağ qalanları xilas etsinlər. İkinci zərbədə isə tapşırığı yüz faiz yerinə yetirərək düşməni darmadağın etdik. Əgər o hədəf məhv edilməsəydi heç bir quru qoşun bunun öhdəsindən gələ bilməzdi. Biz hədəfləri dəqiq zərbəylə məhv edirdik və yerüstü qoşunlara şərait yaradırdıq. Düşməni iflic edirdik və hava üstünlüyü tamam bizim əlimidə idi...”
Rəşad Qasımlı şəhid pilotlarımızı da xatırlamağı unutmur. Deyir ki, təəssüf ki, bizim şəhidlərimiz də oldu. Şəhid polkovnik Zaur Nudirəliyev mənim SU-25 təyyarəsində əsas təlimatçılarımdan biri olmuşdu. Polkovnik leytenant Ramiz Qasımov da qəhrəmancasına şəhadətə ucaldı. Pilot bildirir ki, şəhidlərimizin olması bizi çox kədərləndirdi, həm də qisas hissini alovlandırırdı...
Sonuncu uçuş
Rəşad Qasımlı Vətən müharibəsində sonuncu uçuşunu belə xatırlayır: “ Qırmızıbazar yaşayış məntəqəsində gecə vaxtı döyüş tapşırığını icra etdim, təyyarədən enərkən tamam başqa bir atmosferlə qarşılaşdım. İnsanlardan bu sevincin səbəbini soruşdum. Dedilər ki, müharibə bitmək üzrədi. Sonra “Azərbaycanın Milli Qəhrəmanı” adını aldığımı yolda eşitdim. Bu xəbəri ailəmlə, valideynlərimlə paylaşdım. O günlər də unudulmaz oldu...
Bu zərbələr nəticəsində düşmən ağ bayraq qaldırdı
Qəhrəman pilotumuz Azərbaycan Ordusunun 2023-cü ildə Qarabağda apardığı Antiterror əməliyyatlarında da şücaətlər göstərib. Pilot deyir ki, həmin tədbirlərdə tapşırığımız fərqli idi. Burada mülki əhalini də nəzərə almalıydıq. Bizdən maksimim dəqiqlik tələb edilirdi. Bu zərbələr nəticəsində düşmən ağ bayraq qaldırdı.
Vətən müharibəsinin qəhrəmanı deyir ki, bizim Vətəni qorumaq missiyamız hələ də bitməyib. Biz hər an onun müdafiəsində, keşiyindəyik.
Mina RƏŞİD