23.11.2024, 01:42
AZ EN
28.10.2022, 14:27 633

Ermənilərin Bərdəni raket atəşinə tutduğu vaxt oğluma yemək aparırdım - Şəhid anası

XƏBƏRLƏR

Ermənilərin Bərdəni raket atəşinə tutduğu vaxt oğluma yemək aparırdım.

Bunu Trend-ə açıqlamasında ermənilərin Bərdəni atəşə tutması nəticəsində şəhid olan Amil Cəfərovun anası Mehriban Cəfərova bildirib.

Şəhid anası bildirib ki, hadisədən bir saat əvvəl oğlunun yanında olub.

"Oğlum işdə idi, mən də onun yanında. Günorta idi, dedi ki ana, get evə bir azdan mənə yemək gətirərsən.Gəldim evə, yemək hazırladım, evdən çıxdım ki, oğluma yemək aparım. Oğlumun iş yerinə 100 metr qalmış raket həmin əraziyə düşdü. Yerimdə dondum, özümü itirdim, heç yerə gedə bilmədim, yolun ortasında oturub ancaq qışqırırdım. Bir də gördüm ki, bir qohumumuz ağlaya-ağlaya qaçdı. Amil raket zərbəsindən şəhid oldu. Dərhal həmin yerə qaçdım. Özümü o qədər itirmişəm ki, Amilin meyitinin yanından 3-4 dəfə o tərəf bu tərəfə keçmişəm, Amili tanımamışam. Birinci məni aldatdılar ki, Amil yaralıdır, Bərdə rayon Mərkəzi Xəstəxanasındadır. Tez getdim xəstəxanaya ki, balamı görüm. Xəstəxana həkimlərinə yalvarırdım ki, kömək edin oğlumu tapım. Həkimlərdən biri gəldi, boynumu qucaqlayıb ağladı və dedi ki, Amil şəhid olub. Onunla da dünya gözümdə qaraldı", - deyə şəhid anası bildirib.

M.Cəfərova əlavə edib ki, oğlu şəhid olsa da, bu gün torpaqlarımızın işğaldan azad edilməsindən qürur duyur:

"Amildən sonra yaşamaq istəmirəm, çox çətindir mənə. Amma şükür ki bu gün torpaqlarımız işğaldan azad edildi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Tanrı Prezidentimizi qorusun. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi", - deyə o qeyd edib.

Trend

Oxşar xəbərlər