Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, baş leytenant Məmmədzadə İlkin Əzizağa oğlunun doğum günüdür. O, 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə oxuyub və təhsilini əla qiymətlərlə başa vurub. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. "Xəmsə" və "Breyn Rinq" yarışmalarında uğurla iştirak edib. 2012-ci ildə Universiteti fərqlənmə diplomu ilə başa vurub. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində magistr təhsili alıb. Hərbi xidmətindən sonra elmi fəaliyyətlə məşğul olub.
2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub. 2016-cı ilin fevral ayından müddətdən artıq Vətənə xidmətə başlayıb. 2016-cı ilin iyun ayından etibarən Goranboy rayonu Yuxarı Agcakənd kəndində N saylı hərbi hissədə Leytenant kimi qulluq edib. Xidməti ərzində dəfələrlə fəxri-fərman və təşəkkürnamələr alıb. 2018-ci ilin dekabr ayında Tərtər rayonu N saylı hərbi hissəyə köçürülüb. Nümunəvi xidmətinə görə həmişə seçilib. 2020-ci ilin iyun ayında baş leytenant rütbəsini alıb.
Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlərdə şücaətlər göstərib, 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb.
İlkin Məmmədzadə 7 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə istiqamətində "Tülkü dərəsi" deyilən ərazidə açıq döyüşdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz 8 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında böyük izdiham və etiramla torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlkin Məmmədzadə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD