20.01.2025, 23:17
AZ EN
02.04.2022, 10:30 452

Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizdə digər kütləvi məzarlıqların olması ehtimalı böyükdür

XƏBƏRLƏR

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin miqyası çox böyükdür. Son 200 il ərzində ermənilər günahsız insanlara qarşı amansız qətliamlar, kütləvi qırğınlar törədiblər. Erməni vəhşiliyi Birinci Qarabağ müharibəsi dövründə də özünü qabarıq şəkildə göstərib.

Milli Məclisin deputatı Fatma Yıldırım brlə deyib. O bildirib ki, Birinci Qarabağ müharibəsi nəticəsində dörd minə qədər vətəndaşımızın taleyi haqqında heç bir məlumat yoxdur. Həmin dövrdə onlar əsir, girov və itkin düşüblər. Erməni girovluğunda olan insanların bir çoxu qətlə yetirilərək kütləvi şəkildə basdırılıblar. Bu günlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində də kütləvi məzarlığın aşkar edilməsi bunu təsdiqləyir. Ehtimal edilir ki, bu məzarlıqda basdırılmış insanlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş oğullarımızdır. Bu kimi hallar beynəlxalq humanitar hüququn normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyasının pozulmasıdır. Vaxtilə Fərrux kəndində qətlə yetirilmiş azərbaycanlıların qalıqlarının tapılması həm də ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin üstünün açılması baxımından vacibdir.

Bu faktların ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğunu vurğulayan deputat deyib: “Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizdə digər kütləvi məzarlıqların olması ehtimalı böyükdür. Çünki dörd minə yaxın insanın taleyinin bu günə qədər məlum olmaması bunu deməyə əsas verir. Bir müddət öncə Edilli kəndində də kütləvi məzarlıq aşkar olunmuşdu. Dövlətimiz bu məsələni xüsusi diqqət mərkəzində saxlayır. Əsir və girov düşmüş, itkin düşən insanların taleyinin öyrənilməsi ilə bağlı sistemli iş aparılır. Prezident İlham Əliyev hər zaman beynəlxalq müstəvidə bu məsələni vurğulayır. Ötən ilin dekabr ayında, həm də bu ilin fevralında dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla görüşlərində Ermənistanın dörd minə qədər vətəndaşımızın taleyini və kütləvi məzarlıqların xəritəsini verməməsini xüsusi qabardıb. Ermənistan bu barədə üzərinə öhdəlik götürüb və bu öhdəliyi yerinə yetirməlidir”.

Oxşar xəbərlər