25.04.2026, 23:13
AZ EN
11.12.2025, 09:15 246

Bayraq sinəsində şəhid olan qəhrəman Vüsal Şəhriyarov

XƏBƏRLƏR
  • Bəzən bir ömür sükutla yazılır. Bəzən bir gəncin heç kimə demədiyi, yalnız Vətənə etibar etdiyi sirr, onun şəhidliyi ilə açılır. Vüsal Təbiyyət oğlu Şəhriyarov da elə bu səssiz, gizli qəhrəmanlardan idi. Hərb yoluna sadiq, ailəsinə dərin sevgi ilə bağlı, lakin Vətənə olan borcunu hamıdan gizli yerinə yetirəcək qədər təvazökar...

2001-ci ilin 11 dekabrında Qobustanın Çalov kəndində dünyaya gələn Vüsal uşaqlıqdan səssiz, amma məqsədli idi. Orta məktəbi bitirib, 2020-ci ildə hərbi xidmətə yollananda heç kim onun bu qədər qətiyyətli bir döyüşçüyə çevriləcəyini bilmirdi. Tovuz döyüşlərində iştirak etdi, yaralandı, lakin ailəsinə bir kəlmə belə demədi. Ardınca 44 günlük Vətən müharibəsi başladı – Kəlbəcər istiqamətində gedən döyüşlərdə ayağından yaralandı, yenə susdu. Hətta “Antiterror əməliyyatı”nda iştirakını belə ailəsindən gizlətdi. Çünki Vüsal üçün vətəni qorumaq bir vəzifə yox, bir sükut idi - danışmadan, göstərmədən, sadəcə yerinə yetirilən borc.

Döyüş yoldaşlarının dediyinə görə, Vüsal əsl qəhrəman idi. Yaralı əsgər yoldaşlarını ərazidən çıxarır, düşmənə qarşı irəliləməyə yol açırdı. Bir videoda yoldaşının qolunu sarıyır… Ən ağır anda belə təmkinli, mərd və Vətənin dayağı idi. Elə bu cəsarətinə görə də düşmən onu hədəfə almışdı…

2023-cü il sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi lokal antiterror əməliyyatı zamanı - Ağdərədə, sinəsində üçrəngli bayrağımızla şəhid oldu. Vətən yolunda canını verən, qürurla dəfn edilən bu igid oğul indi doğma kəndində – Çalov qəbiristanlığında uyuyur. 

Vüsalın qəhrəmanlığı dövlət tərəfindən də yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra  “Kəlbəcərin azad olunmasına görə” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu.

Vüsal danışmadı, Vüsal göstərdi... Qəhrəmanlığın səsi az olur, amma izi silinmir. O iz - bu torpağın üstündə azadlıqla, qürurla yaşamağımızın yoludur.

Məzarı nurla dolsun, ruhu şəadət içində olsun…

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər