Düz 2 il bundan əvvəl 20 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev Zəngilanın işğaldan azad olunması xəbərini elan etdi. On minlərlə soydaşımız bu xoş xəbərdən sevinc göz yaşlarına qərq oldu. Bu əsl xoş xəbər idi. Çünki 1993-cü ilin 27-29 oktyabrında mühasirəyə düşmüş zəngilanlılar dəhşətli günlər yaşamışdılar. Qorxu, aclıq, yuxusuzluq hamını əldən salmışdı. İndi o vaxtdan 29 il ötür. Artıq 2 ildir ki, doğma yurd yerlərimiz azaddır və orada geniş quruculuq-abadlıq işləri aparılır. Onu da qeyd edim ki, 26 il anım günü kimi qeyd etdiyimiz Zəngilanın 27-ci anım günü olmadı. Sonuncu işğal olunan rayona ilk qayıdış da Zəngilandan başladı. Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi ölkə başçımız cənab İlham Əliyevin sərəncamı ilə ilk kənd “Ağıllı kənd” salındı və Ağalı kənd sakinləri oraya köçürüldülər. Zəngilanda Beynəlxalq hava limanı da tikildi. Çox sevindirici haldır ki, Zəngilanın azad olunduğu gün – 20 oktyabrda qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da bu açılışa gəlir. Bu isə bir millət, iki dövlət fikrini təsdiq edən amillərdən biridir. İndi hamımızın sevinci artıq ikiqat artıb.
Var olsun Türkiyə-Azərbaycan qardaşlığı, var olsun Türkiyə Pespublikasının Prezidenti cənab R.T.Ərdoğan, var olsun Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev. Məhz onların sayəsində doğma Zəngilanım daha da abadlaşacaq.
İsa Musayev