Atası da balasından fəxrlə danışır, deyir ki, Ceyhun Füzuli istiqamətindəki döyüşlərin birində düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, texnikasını ələ keçirmişdi. O, təzə “Ural”ı gətirib demişdi ki, bunu özüm sürəcəm. Bundan beş gün sonra şəhadətə ucaldı...
Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Ceyhun Qafar oğlu Məmmədovun doğum günüdü. O, 20 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. 2004-2014-cü illərdə Ağcabədi rayon Qaraxanlı kənd tam orta məktəbdə təhsil alıb.
Ceyhun Məmmədov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
Ceyhun Məmmədov hərbi xidməti müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində vuruşub və şücaətlər göstərib. 2018-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Beyləqan rayonunda yerləşən minaatan korpusda xidmət etmiş, minaatan kursunu keçmiş və minaatan vəzifəsini icra etmişdi.
Azərbaycan Ordusunun MAXE əsgəri olan Ceyhun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində minaatan olaraq iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Ceyhun Məmmədov 25 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Ağcabədi rayonunun Qaraxanlı kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Ceyhun Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD