09.10.2025, 16:58
AZ EN
05.10.2025, 09:18 109

Qələbə soraqlı qəhrəman

XƏBƏRLƏR
  • Bu gün qəhrəman şəhidimiz Ruslan Bayramovun doğum günüdür. 

        Qürurla yad edirik!

44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğullarımız barəsində hələ çox deyiləcək, çox yazılacaq. Vətən, dünyaya yenicə gələn və gəlməkdə olan, heç üzlərini görmədikləri, ətirlərini ciyərlərinə çəkmədikləri, qığıltısını eşitmədikləri, səsini duymadıqları övlad sevgisində belə öndə oldu qəhrəman oğullarımız üçün.  Çünki zaman keçmişdi, vaxt gözləmirdi. Düşmən işğalı altında olan torpaqlarımız azad olmalı, haqq, ədalət yerini tapmalı idi...
Ruslan da canını Vətəndən əsirgəməyən belə oğullarımızdan biri idi.
Ruslan Azər oğlu Bayramov 1995-ci il oktyabrın 5-də Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. 
Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq, oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan Ruslan sentyabrın 27-də başlayan Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb.
Ruslan Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından, tağıma rəhbərlik onun öhdəsinə düşüb. Göstərdiyi şücaətə görə elə döyüşdəcə baş leytenant rütbəsi alıb.
Ruslan Bayramov təkbaşına düşmənin 100-ə yaxın canlı qüvvəsini, 63 texnikasını sıradan çıxarıb. Şəhidin atası Azər Bayramov bildirib ki, Ruslanın döyüş yoldaşları onun Hadrut və Xocavənd ətrafındakı yüksəkliklərin ələ keçirilməsində böyük xidməti olduğunu barədə belə deyiblər: “Ən son isə o, Şuşanın alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Elə həmin döyüşlərdə snayper gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə yüksəlib”.
Ailə üzvləri deyirlər ki, Ruslan öz istəyilə hərb sənətini seçib və bu istiqamətdə təhsil alıb.
Qəhrəmanımızın üzünü görə bilmədiyi bir qız övladı Vətənə əmanətdir.
Vətən Müharibəsi şəhidi, baş leytenant Bayramov Ruslan Azər oğlu üçüncü dərəcəli “Vətənə Xidmətə Görə” ordenini ilə təltif olunmuşdur.

Tahirə AĞAMİRZƏ

 

Oxşar xəbərlər